ABŞ rəsmiləri Ukrayna hakimiyyətinə bildiriblər ki, Vaşinqtondan təhlükəsizlik zəmanəti almaq üçün ölkə Rusiya ilə sülh müqaviləsi imzalamalıdır.
Editor.az xəbər verir ki, “Reuters” bildirir ki, ABŞ həftəsonu Əbu-Dabidə Ukrayna və Rusiya rəsmiləri arasında danışıqlarda vasitəçilik edib və ABŞ rəsmilərinin sözlərinə görə, danışıqlarda razılaşmaya doğru irəliləyiş əldə edilib. ABŞ, Ukrayna və Rusiya arasında danışıqların növbəti mərhələsi 1 fevrala planlaşdırılıb.
“Financial Times” qəzetinin 27 yanvar tarixli məlumatına görə, Tramp administrasiyası Ukraynaya ABŞ-ın təhlükəsizlik zəmanətlərinin Kiyevin Donbasın Rusiyaya verilməsini də əhatə edəcək sülh müqaviləsinə razılaşmasından asılı olduğunu açıq şəkildə bildirib. Lakin FT jurnalisti Kristofer Millerin məlumatına görə, Ağ Evin mətbuat katibinin müavini Anna Kelli ABŞ təhlükəsizlik zəmanətlərini Ukrayna qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması ilə əlaqələndirdiyini təkzib edib. Mənbə bildirib ki, ABŞ “Ukraynaya sülh müqaviləsinin şərtlərini diktə etmir”. Media qeyd edir ki, Vaşinqtonun Ukraynanı Rusiyaya ərazi güzəştləri etməyə məcbur etməyə çalışdığı fərziyyəsi də “səhvdir”.
Ukraynanın Vaşinqtonun təhlükəsizlik zəmanətləri verəcəyinə dair şübhələri getdikcə artır. Bu barədə Ukraynanın yüksək vəzifəli rəsmisi FT-yə bildirib və ABŞ-ın onları imzalamaqdan “dəfələrlə imtina etdiyini” vurğulayıb.
//Samir Qurbanov, Editor.az

