Ukraynada həbs olunan azərbaycanlı qazinin məhkəmə iclası keçirilib – FOTObackend

Ukraynada həbs olunan azərbaycanlı qazinin məhkəmə iclası keçirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Kiyev vilayətinin Obuxov Rayon Məhkəməsində İkinci Qarabağ müharibəsi qazisi Misir Qasımlının işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Məhkəmə iclasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavad, UABD-nin İdarə Heyətinin üzvləri və fəalları, Azərbaycan səfirliyinin nümayəndəsi Samir Allahverdiyev iştirak edib.

Hikmət Cavadın sözlərinə görə, məhkəmə iclası başlamazdan əvvəl o, hakim Aleksandr Tixanski ilə görüşüb və onu Misir Qasımlıya açılan cinayət işinə uzun müddət baxılmasına görə Ukraynadakı Azərbaycan diasporunun və Azərbaycan ictimaiyyətinin narahatlığı ilə bağlı məlumatlandırıb.

“Məhkəmə prosesində birbaşa çıxışımda bir daha hakimdən xahiş etdim ki, Misir Qasımlı İkinci Qarabağ müharibəsi qazisi kimi diasporumuz üçün çox dəyərli olduğundan mənim məsuliyyətimlə zaminə buraxılsın. Vurğuladım ki, əgər prokurorluq hər məhkəmə iclasında iş üzrə birbaşa sübutları məhkəməyə təqdim edə bilmirsə, məhkəmə prosesinin 15 ay uzadılması yolverilməzdir. Bununla bağlı məhkəmə prosesinin sürətləndirilməsini xahiş etdim”, – deyə Hikmət Cavad bildirib.

Onun sözlərinə görə, hakim zərərçəkmiş şəxs qismində çıxış edən İspaniya vətəndaşının məhkəmə prosesində iştirak etməsi ilə bağlı dövlət ittihamçısına və zərərçəkənin vəkilinə oktyabrın sonuna qədər vaxt verdi və əks halda sübutların yetərincə olmamasına görə işə xitam verə biləcəyini bildirdi.

“Bu, şikayətçinin İspaniyadakı Ukrayna səfirliyinə gələrək videokonfrans vasitəsilə məhkəmə iclasında iştirak etməsini nəzərdə tutan prosessual qaydaya uyğun həyata keçirilməlidir. Səfirlik şikayətçinin şəxsiyyətini təsdiqləməli, daha sonra xüsusi prosessual qaydaya əsasən, tərcüməçinin iştirakı ilə ondan ifadə alınmalıdır. Oktyabrın sonuna qədər daha üç dinləmənin keçirilməsi gözlənilir. Biz Misirin yanında olacağıq”, – UABD rəhbəri vurğulayıb.