Ukraynanın yaxın vaxtlarda əks-hücum əməliyyatlarına başlayacağı xeyli vaxtdır gözlənilir. Ölkə Prezidenti Volodimir Zelenski və digər rəsmilər indiyədək bir neçə dəfə bu barədə danışıblar. Baş nazir Denis Şmıqalın sözlərinə görə, əks-hücum əməliyyatları nəticəsində 1991-ci il sərhədləri bərpa oluna və müharibə bu il başa çata bilər.
ABŞ dövlət katibi Entoni Blinken bu günlərdə söyləmişdi ki, Vaşinqton Kiyevin əks-hücuma başlayacağından xəbərdardır və buna dəstək verəcək.
Haqqında danışılan, müzakirə edilən əks-hücum əməliyyatlarının dəqiq tarixi açıqlanmayıb. Ukrayna rəsmilərinin sözlərinə görə, bu, bir neçə məqamdan, o cümlədən hava şəraitindən və lazımi döyüş hazırlığından asılıdır. Buna baxmayaraq, əməliyyatların ən gec mayın sonunadək başlanılması gözlənilir.
Ehtimal edilən əks-hücum əməliyyatları ilə bağlı bir neçə sual və qaranlıq məqam var. Əsas məsələrdən biri budur: uzun müddətdir anonsu verilməsinə baxmayaraq, əks-hücum əməliyyatları niyə gecikir? Ola bilsin, rəsmi Kiyev özünü hələ buna hazır hiss etmir.
İkinci bir tərəfdən, Vaşinqtonla Kiyev arasında müəyyən fikir ayrılığının olması mümkündür. Düşünürəm ki, ABŞ əks-hücum əməliyyatlarının başlanmasını səmimi qəlbdən istəməsə belə, bu məsələdə maraqlı görünür. Məsələ ondadır ki, Ağ evin prioriteti Ukraynanın təhlükəsizliyi və suverenliyi yox, Rusiyanın zəiflədilməsidir. Elə buna görə də ABŞ savaşı mümkün qədər uzatmağa çalışır. Bunu Ukraynada da başa düşməmiş deyillər. Bu səbəbdən də, ola bilsin, Kiyev əks-hücum əməliyyatlarına başlayacağı təqdirdə Vaşinqtonun onu lazımi səviyyədə və sonadək dəstəkləyəcəyindən əmin deyil. Elə buna görə də Ukrayna hərbi-siyasi hakimiyyəti əks-hücum əməliyyatları barədə qərar qəbul etməyə tərəddüd edir.
Onu da deyək ki, əks-hücum əməliyyatlarının ləngidilməsi Ukrayna üçün risklidir. Çünki xüsusilə Donetsk vilayətinin Baxmut şəhərində vəziyyət gərgindir. Ukrayna ən yaxın vaxtlarda hərəkətə keçməlidir. Əks halda Baxmut tamamilə ələ keçirilə bilər. Bu isə Rusiya Silahlı Qüvvələrinin Donetskdə nəzarəti təmin etməsi və Ukraynanın cənubunda üstünlüyü ələ alması deməkdir. Ehtimal edilən əks – hücum əməliyyatları nəticəsində Rusiya qoşunlarının Baxmutdan çıxarılması mümkündür.
Bundan başqa, rəsmi Kiyevdən verilən açıqlamalara görə, Ukrayna Krımı azad etməkdə israrlı görünür. Əlbəttə, bu, o qədər də asan deyil. Çünki Rusiya 2014- cü ildən bəri Krımda möhkəmlənib, güclü istehkamlar qurub. Üstəgəl, yarımadaya quru yol da məhduddur. Buna baxmayaraq, Krım nəinki taktiki, həm də strateji əhəmiyyət daşıyır. Ukrayna Krımda Rusiyaya ciddi zərbə vura bilərsə, savaşın taleyi həll oluna, rəsmi Moskvanın “beli qırıla bilər”. Bu mənada ehtimal edilən əks- hücum əməliyyatları çərçivəsində yarımadada gərginlik yaranması, o cümlədən Ukraynanın Krımdakı Rusiya hərbi bazalarına aviazərbələr endirməsi mümkündür.
Son vaxtlar Qərb dövlətlərinin Ukraynaya hərbi dəstəyi intensivləşməkdədir. Amma bu dəstəyin Ukraynanın əks-hücum əməliyyatlarına başlaması üçün kifayət olduğu şübhəlidir. Fikrimcə, Ukraynanın daha çox silaha ehtiyacı var.
Əks-hücum əməliyyatlarının ləngimələrindən biri də, şübhəsiz ki, Çin faktoru ilə bağlıdır. Əgər ABŞ Ukraynaya lazımi dəstəyi göstərərsə, bu zaman Çin açıq şəkildə Rusiyanın yanında olacaq. Bu isə faktiki olaraq üçüncü dünya müharibəsi deməkdir.
Əlbəttə, bu ssenari Vaşinqtona sərf etmir. Çünki Ukraynaya göstərilən dəstək puça çıxacaq. Odur ki, ola bilsin, əks-hücum əməliyyatları başlamazdan əvvəl ABŞ və Ukrayna Çini “oyundankənar vəziyyətdə” saxlamaq istəyir. Şübhəsiz ki, bu məsələdə həlledici aktor Kiyev yox, Vaşinqtondur. Vaşinqton Pekini razı salmaq üçün isə, yəqin ki, Tayvan məsələsində güzəştə getməlidir.
Başqa bir məsələ, çox güman, Türkiyə ilə bağlıdır. Türkiyədəki prezident seçkilərinin nəticəsini əksər dünya ölkələri kimi, Ukrayna da səbrsizliklə gözləyir. Əlbəttə, Prezident Rəcəb Tayyib Ərdoğanın yenidən hakimiyyətə gəlib-gəlməməsi xeyli dərəcədə Ukraynadakı duruma da təsir edəcək. Zelenski də, ABŞ Prezidenti Cozef Bayden də yaxşı başa düşür ki, hakimiyyətə başqa bir siyasətçi gəlsə, Ankaranın savaşla bağlı mövqeyi dəyişə bilər. Bu mənada, bəlkə də, Türkiyədəki seçkilərə kimi ciddi əks-hücum əməliyyatları başlamayacaq. Hərçənd, bu ehtimal kifayət qədər azdır.
Onu da deyək ki, əks-hücum əməliyyatları ilə bağlı səslənən fikirlər həm də informasiya müharibəsinin tərkib hissəsidir. Bunu heç vaxt tamamilə istisna etmək olmaz.
Beləliklə, əgər əks-hücum əməliyyatları başlayar və gözlənilən effekti verərsə, müharibənin həlledici mərhələsi başlana bilər.
//Kənan Novruzov, Editor.az

