Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Rüstəm Umerov Ukrayna münaqişəsi ilə bağlı sülh planının artıq təsdiqlənmə mərhələsində olduğunu bildirib.
Bu barədə o, Teleqram kanalında yazıb.
Umerovun sözlərinə görə, Ukrayna nümayəndə heyəti Cenevrədə ABŞ və Avropa ölkələrindən olan ekspert və diplomatlarla sənəd üzərində intensiv müzakirələr aparır.
“Planın mövcud variantı Ukraynanın əsas tələblərini və prioritetlərini özündə əks etdirir. Hazırki versiya təsdiqin son mərhələsindədir və artıq Ukraynanın təhlükəsizlik, ərazi bütövlüyü və suverenliklə bağlı əsas prioritetlərinin əksəriyyətini nəzərdə tutur”, – Umerov vurğulayıb.
O əlavə edib ki, ABŞ-la konstruktiv əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır və Vaşinqtonun sənədə edilən düzəlişlərə həssas yanaşması ümumi prosesin irəliləməsinə ciddi töhfə verir. Umerov həmçinin bildirib ki, gün ərzində danışıqlarda əlavə irəliləyişin əldə olunacağı gözlənilir.
Globalinfo.az

