Ukraynadan Rusiya ərazisinə birbaşa raket ZƏRBƏLƏRİ: “Yaxın günlərdə bu cəbhədə ən qızğın döyüşlərin şahidi ola bilərik”backend

Ukraynadan Rusiya ərazisinə birbaşa raket ZƏRBƏLƏRİ: “Yaxın günlərdə bu cəbhədə ən qızğın döyüşlərin şahidi ola bilərik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynanın tələb etdiyi silah -sursatla bağlı müraciətlərində olduğu kimi onun Rusiyanın ərazilərindəki hədəfləri vurmaq barədə müraciətinə də uzun müzakirələrdən sonra icazə verildi. Bu məsələ ilə bağlı ciddi əks mövqe tutan ABŞ belə artıq icazəni verdi. Deməli, Ukrayna silahlı qüvvələri bundan sonra Qərb və ABŞ-dən aldığı raketlər hesabına Rusiyanın daxilindəki hərbi obyektlərə zərbələr endirə biləcək. Silah təchizatçıları Ukrayna qarşısında bircə şərt qoyublar ki, Rusiya ərazisində raket ateşinin hədəfi olan obyektlər yalnız hərbi obyektlər olmalıdır. Mülki obyektlərin vurulması Ukrayna silahlı qüvvələrinə qadağan olunub”.

Bu fikirləri Editor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri artıq yeni situasiyaya uyğun fəaliyyətə başlayıblar və Rusiya ərazisi raket atəşini tutulmağa başlayıb:

“Qərb və ABŞ tərəfindən verilən raketlərin sayı artdıqca daha çox Rusiya ərazisindəki hərbi obyektlərin raket atəşinə tutulacağı gözlənilir. Ukraynaya Rusiyanın ərazisindəki hərbi obyektləri atəşə tutmaq icazəsinin verilməsi Rusiya-Ukrayna müharibəsinin gedişinə təsir göstərəcəkmi? Bu suala birmənalı cavab vermək çətindir. Əlbəttə ki, getdikcə daha çox Rusiya şəhərləri raket atəşinə məruz qalacaq. Bu vaxta qədər birtərəfli qaydada yalnız Ukrayna şəhərləri Rusiya tərəfindən raket atəşinə məruz qalırdısa, bundan sonra Rusiya hərbçiləri öz şəhərlərini qorumaq məcburiyyətində qalacaqlar. Deməli, Rusiya silahlı qüvvələri hücumla yanaşı müdafiə üçün də əlavə vəsait, canlı qüvvə və texnika ayırmalıdır. Cəbhədə qısa müddətə də olsa nəzərəçarpacaq bir tarazlığın yaranması müşahidə oluna bilər. Amma düşünürəm ki, Rusiya tərəfi qısa müddətdə yeni şəraitə uyğunlaşa və vəziyyəti yenidən öz mənafeyinə görə dəyişə bilər.

Digər tərəfdən Qərb və ABŞ-ın Ukraynanı hücum üçün tələb olunan raket və raketdən müdafiə sistemləri ilə tam təchiz edə biləcəkmi? Ən böyük narahatlıq doğuran budur. Çünki NATO Ukrayna toplarını tələb olunan miqdarda mərmilərlə təchiz edə bilmirsə, uzunmənzilli raketlərlə hansı səviyyədə təchiz edəcək. üstəlik Rusiya hücum taktikasında yeniliklər edərək yeni üstünlüklər əldə etməyə çalışacaq.

Ukrayna tərəfindən gələn yeni təhdidlər qarşısında Rusiya sakit kimi görünür. Amma əslində belə deyil. Rusiya hərbi qüvvələrinin rəhbərliyi yeni şəraitdə fəaliyyət göstərmək imkanlarını təhlil edir. Yaxın günlərdə bu cəbhədə ən qızğın döyüşlərin şahidi ola bilərik”.

//Gülnarə Abasova, Editor.az