“İndiki vəziyyətdə heç bir tərəf güzəştə getməyəcək. Çünki Rusiya artıq bir sıra Ukrayna ərazilərini zəbt edib, Ukrayna isə hesab edir ki, Rusiyaya qarşı mübarizə davam etməlidir. Çünki NATO dövlətləri ona yardımları davam etdirir və müasir texnikalarla təmin edir. Belə bir şəraitdə hansısa güzəştdən danışmaq üçün hələ tezdir. NATO rəsmisi vaxtilə belə bir təklif irəli sürmüşdü ki, Ukrayna NATO-ya o şərtlə daxil ola bilər ki, Rusiya etiraz etməsin və qoşunları işğal olunmuş torpaqlarda qalsın. Bir neçə gündən sonra eyni NATO rəsmisi bu sözlərdən imtina edərək bəyan etdi ki, bu, səhv bəyanat idi”.
Bu fikirləri Editor.az-a açıqlamasında diplomat, politoloq Fikrət Sadıxov müharibə zamanı bir-birinə dəstək olan iki müttəfiq ölkə, Polşa və Ukrayna arasında son günlər artan gərginliklər barədə şərhində deyib.
Politoloq bildirib ki, Ukraynanı hazırda NATO-ya daxil olma məsələsi bir o qədər də maraqlandırmır:
“Çünki NATO onsuz da Ukraynanın yanındadır və onu silahlarla təmin edir. Rusiya da Kiyevin Alyansa daxil olmasına imkan verməyəcək. Çünki rəsmi Kreml elə müharibənin əvvəlində də bəyan etmişdi ki, heçvaxt Ukraynanın NATO-da olmasına göz yumayacaq”.
//Gülnarə Abasova, Editor.az