Oktyabrın 1-də NATO-nun baş katibi vəzifəsinə başlayan Mark Rutte oktyabrın 8-də Finlandiya prezidenti Aleks Stubb ilə birgə mətbuat konfransı zamanı bildirib ki, Alyans Ukraynanı dəstəkləmək üçün “daha çox iş görməlidir və bunu edəcək”.
Editor.az bildirir ki, bu barədə NATO saytı məlumat yayıb. “Rusiya Ukraynanın kritik enerji infrastrukturuna qarşı kütləvi hücumlar etməkdə davam edir. Ukrayna genişmiqyaslı işğalın başlanmasından bəri ən çətin qışı ilə üzləşə bilər”, – baş katib bildirib. Ruttenin sözlərinə görə, NATO üzvlərinin Ukraynaya verdiyi hərbi dəstək “onun sabitliyi və mübarizəni davam etdirmək qabiliyyəti üçün həyati əhəmiyyət kəsb edir”.
Baş katib döyüş meydanında vəziyyətin mürəkkəb olduğunu qeyd edib: bir tərəfdən Ukrayna Rusiya Federasiyasının Kursk vilayətinin ərazisinin bir hissəsini saxlayır, digər tərəfdən isə işğalçılar Ukraynanın şərqində “yavaş, lakin hələ də irəliləyirlər”. “Və biz onu da nəzərə almalıyıq ki, Rusiyanın itkiləri çox böyükdür. Bildiyimizə görə, bu, hər gün təxminən 1 min ölü və yaralıdır və ümumi rəqəm 500 minə yaxındır”, – Rutte əlavə edib.
//Samir Qurbanov, Editor.az

