“Ukraynanın Avropa İttifaqına qəbul edilməsi ABŞ-nin təzyiqi artırmasından asılıdır”.
Bu sözləri Editor.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib.

Ekspert hesab edir ki, müharibənin gedişi və Ukrayna ərazilərinin işğalının davam etməsi ittifaq üzvlərinin qərarlarına təsir edir. O, təhlükəsizliyə önəm verən rəsmi Brüsselin döyüşlərin getdiyi bir ölkəni qəbul etməsi ehtimalını çox aşağı qiymətləndirir:
“Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələsi hazırkı dövrdə bir o qədər real görünmür. Amma yenə də bu ittifaqa üzv dövlətlərin qərarından asılıdır. ABŞ təzyiq edərsə Avropa dövlətləri rəsmi Kiyevi qəbul edə bilər. Hər şeyə rəğmən Ukraynanın durumu çox gərgindir. Ərazilərinin böyük hissəsi işğal altındadır. Bu səbəbdən də heç bir təşkilatın bu vəziyyətdə olan dövləti qəbul edəcək qədər riskə getməsi gözlənilən deyil. Bildiyiniz kimi avropalı rəsmilər hər zaman təhlükəsizlik məsələsini önə çəkir. Ukraynada isə nə hərbi, nə də ki iqtisadi təhlükəsizlik var. Qərb dövlətlərinə isə belə müttəfiq lazım deyil ”.
//Qasım Məmmədli, Editor.az

