“Ukraynanın bu addımı Rusiyanın narahatlığına səbəb olur”-Ekspert AÇIQLADIbackend

“Ukraynanın bu addımı Rusiyanın narahatlığına səbəb olur”-Ekspert AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın gözlədiyi və əlində olan silah soyuq qış ayları idi. Tarix boyu Rusiyanı  müharibələrdə qoruyan da elə bu olub. Rusiya həm də Avropa ölkələrinə enerji resursları ilə bağlı təsir göstərmək üçün gözləmə mövqeyində idi”.

Bu fikirləri Editor.az-a açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar mərkəzinin sədri Xəyal Bəşirov bildirib.

Onun sözlərinə görə, Ukrayna ilə müharibədə fərqli mənzərənin şahidi oluruq: “2023-cü ilin ilk iki günüdə Ukrayna Rusiyanın İrandan aldığı çoxlu sayda kamikadze dronlarını vurub. Rusiyanın güvəndiyi silahlardan biri də məhz bunlar idi. Proseslərdən aydın olur ki, Ukrayna tərəfi həmin silahların işləmə mexanizmini, fəaliyyətini öyrənib.

Bu həm də Qərb ölkələri, ABŞ və Böyük Britaniyanın dəstəyi nəticəsində reallaşan bir prosesdir. Ölkələrin bir-birilərinə qarşı apardıqları müharibələrdə tərəflərdən birinin digərinə qarşı istifadə etdiyi silahın ələ keçməsindən sonra ümumiyyətlə onun işləmə mexanizmi öyrənilir və onların zərərsizləşdirilməsi istiqamətində silahlar istehsal edilir.

Bunlar elektron qaydada işləyən cihazlardır. Onlara qarşı antidronların hazırlanması da real prosesdir.
Bu prosesi gərçəkləşdirən Ukraynanın iki gün ərzində 80-dən çox İran istehsalı kamikadze dronlarını zərərsizləşdirməsi Rusiya üçün narahatedici məqam olmalıdır”.
Politoloq qeyd edir ki, Rusiya-Ukrayna müharibəsində hansı tərəfin üstünlük əldə edəcəyini demək mümkün deyil: “Rusiya-Ukrayna müharibəsi başlayan ilk gündən Ukrayna həm Rusiyanı, həm də dünyanı təəccübləndirən əks-müqavimət ortaya qoydu. Rusiya bunu nəzərə almalı və unutmamalıdır ki, ukraynalılar öz torpaqları uğrunda mübarizə aparırlar. Bu amil müharibədə çox ciddi rola malikdir.

Xatırlatmaq lazımdır ki, Rusiyanın hələ tətbiq etmədiyi silahlar var. Onlardan istifadə edilməsi rəsmi Moskvanı da narahat edir. Çünki dəfələrlə dünya ölkələri Rusiyaya bununla bağlı xəbərdarlıq ediblər.

Qış aylarından müharibədə istifadə etməyi qərarlaşdıran Rusiyanın qarşısında mübarizəni davam etmək üçün yay aylarını gözləyən Ukrayna var. Məhz bu gözləntilər müharibənin uzanmasına səbəb olacaq. Tərəflərin masaya oturması üçün münbit şərait lazımdır”.

Safura Bənnayeva,Editor.az