Ukraynanın gözlənilən əks-hücumu niyə gecikir?- Faktlar və SİYASİ SƏBƏBLƏR-ŞƏRHbackend

Ukraynanın gözlənilən əks-hücumu niyə gecikir?– Faktlar və SİYASİ SƏBƏBLƏR-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya-Ukrayna müharibəsi özünün həlledici məqamına yaxınlaşır. Moskva bu müharibədə hərbi cəhətdən bir çox səbəbdən zəifliyini göstərdi”.

Bu fikri Editor.az-a açıqlamasında siyasi analitik Azər Qasımov deyib.

O bildirib ki, Rusiyanın qış aylarında səfərbərliklə yığdığı ordu müharibənin gedişatında əhəmiyyətli dəyişiklik yaratmaq gücündə olmadı:

“Bu səbəblə daha çox müdafiə xarakterli addımlar atıldı. Hətta bir sıra ərazilərdən, məsələn Xersondan geri çəkildi. Xarkov ətrafından, Liman şəhərindən əks-hücumla Rusiya sərhəddinə kimi qovuldu. Bunlardan sonra Rusiyanın hərbi və siyasi ritorikası dəyişdi. Onların məqsədinin bütün Ukrayna yox, guya indi əllərində olan ərazi vahidlərinin əldə edilməsi olduğu açıqlandı və müdafiəsinin əsas prioritet olduğu qeyd edildi. Ukrayna isə qışdan bura kollektiv Qərbin dəstəyi ilə silahlanmasını davam etdirdi. Ukrayna artıq əks hücuma hazır olsa da yeni silahların, “F-16″ qırıcılarının da veriləcəyi qərara alınıb. Əks-hücum əməliyyatının gələn ay başlanması proqnozu verilir. Ukrayna və Qərb işi tələsik etmək istəmirlər. Hər şey dəqiq hazırlanır ki, sürprizlərə yer qalmasın”.

A. Qasımov Ukraynanın gözlənilən əks-hücumunun siyasi səbəblərdən də qaynaqlana biləcəyini  vurğulayıb:

“Məsələ ondadır ki, Ukrayna NATO-ya üzv olmaq istəyir. NATO isə açıqladı ki, neçə ki, müharibə davam edir Ukrayna NATO-ya üzv ola bilməz. Hesab edirəm ki, Ukrayna əks-hücümu ləngitməklə Qərbə təzyiq etmək istəyir, çünki müharibənin nəticəsində Ukrayna qədər Qərb də maraqlıdır. Amma hər halda bu əks-hücum tezliklə gözlənilir. Rusiya belə bu hücuma hazırlaşır və hiss edir ki, məğlub ola bilər. Hətta Baxmuttan “Vaqner” qruplaşmasını müxtəlif adla ərazidən çıxarmasını da bununla əlaqədar olduğunu düşünürəm. Hücum zamanı ön cəbhədə nisbətən döyüş qabiliyyəti olan qruplaşmanın məhv olma ehtimalının böyük olduğunu nəzərə alsaq, “Vaqner” qruplaşmasını Rusiya komandanlığı qorumaq istəyir ki, ən həlledici məqamda onların köməyindən istifadə edə bilsin.  “F-16″ qırıcılarının döyüşdə əhəmiyyətli rol oynayacağı şübhəsiz olsa da, həlledici rolu Ukrayna və Rusiya əsgərlərinin əzmi və döyüş ruhu oynayacaq. Bu ruhun da Ukrayna əsgərində olduğu aydındır”.

//Gülnarə Abasova, Editor.az