Rusiya banklarının SWIFT sistemindən çıxması və Rusiya mərkəzi bankının beynəlxalq əməliyyatlarının məhdudlaşdırılması indiyədək “son addım” kimi qəbul edilirdi.
Editor.az “BBC Türkçə”yə istinadən xəbər verir ki, bankların SWIFT-dən kənarda qalması Rusiyaya kredit vermiş şirkətlərə və maliyyə institutlarına da gözlənilməz ziyan vuracaq. 2018-ci ildə ABŞ Avropa ölkələrinin etirazına baxmayaraq İran banklarını SWIFT-dən çıxartdı, lakin İranın Rusiya ilə müqayisədə çox kiçik bir iqtisadiyyatdan söhbət gedir. Təbii qaza olan tələbatının üçdə ikisini Rusiyadan qarşılayan Almaniya burada həssas mövqedədir. Bununla belə, o, müttəfiqləri üçün fədakarlıq edərək “Şimal axını 2” boru kəmərinin təsdiq prosesini dondurdu.
ABŞ, Avropa və Böyük Britaniyadakı rəsmilər Qərb ölkələrinin zərərinin qarşısını almaq üçün enerji və ərzaq ödənişlərinə icazə verməsi barədə razılığa gəliblər.
Lakin onların bunu necə edəcəyinin təfərrüatları bəlli deyil.
Bu sanksiyalar Rusiyaya zərər versə də, Moskva 2014-cü ildə Krımı işğal etdikdən sonra SPFS adlı SWIFT-ə bənzər bir infrastruktur yaratdı. Çində CIPS adlı bir transfer sistemi də var. Bir çox ekspertlər düşünür ki, Rusiyanı bu şəkildə kənarlaşdırmaq Moskvanı Çinə yaxınlaşdıracaq və ABŞ dollarına əsaslanan qlobal maliyyə arxitekturasına qarşı çıxan Si Cinpin administrasiyasının əlini gücləndirəcək.
Digər tərəfdən Çindəki bir bank mənbəsi Çinin bütün dünya ilə ticarətini nəzərə alaraq bu mərhələdə Rusiyaya kömək etməkdən çəkinəcəyini söylədi.
Rusiyaya SWIFT-dən kənarda qalmaqdan daha çox zərər verə biləcək şey mərkəzi bankı təcrid etməkdir. Onun 630 milyard dollarlıq ehtiyatından Rusiya rublunu dəstəkləmək üçün istifadə edə bilməməsi rublun dəyərinin aşağı düşməsinə səbəb ola bilər. Bu, Rusiya iqtisadiyyatına böyük təsir göstərəcək.
//Gülnarə Abasova, Editor.az

