Ukrayna Xarici İşlər naziri Andrey Sıbiga bildirib ki, Kiyev Rusiya ilə münaqişənin həlli üçün danışıqları davam etdirməyə hazırdır.
Bu barədə o, Polşa və Litvanın xarici işlər nazirləri — Radoslav Sikorski və Kęstutis Budris ilə keçirdiyi görüş zamanı bəyan edib. Tədbirin yayımını Ukrayna parlament televiziyası «Rada» «YouTube» üzərindən həyata keçirib.
“Quruda, suda və havada döyüşlərin olmaması üçün biz Rusiya ilə danışmağa hazırıq. Biz istənilən vaxt və istənilən məkanda danışıqlara başlamağa açığıq”, — deyə Sıbiga qeyd edib.
Nazirin sözlərinə görə, Ukrayna üçün əsas şərt qeyd-şərtsiz atəşkəsin əldə olunmasıdır. O, yalnız bundan sonra Kiyevin münaqişənin digər aspektlərini müzakirə etməyə hazır olacağını bildirib.
Xatırladaq ki, daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə sülh danışıqlarına başlamaq üçün beynəlxalq ictimaiyyəti Kiyevə təzyiq göstərməyə çağırmışdı. Onun sözlərinə görə, bir çox bəyanatlar verilib və artıq “narazılıq ifadə edən” fikirlər də artıb.
//Samir Qurbanov, Editor.az

