Ukrayna dörd ildən artıq davam edən genişmiqyaslı müharibə şəraitində pilotsuz uçuş aparatları (PUA) sahəsində mühüm irəliləyiş əldə edərək qlobal liderlərdən birinə çevrilib.
Ukrayna istehsalı olan dronlara beynəlxalq bazarda, xüsusilə Yaxın Şərq regionunda maraq artmaqdadır.
Editor.az xəbər verir ki, bu barədə Washington Monthly məlumat yayıb. Nəşr qeyd edir ki, Ukraynanın müttəfiqləri üçün yaranan imkanlar vaxtında dəyərləndirilməsə, bu potensial itirilə bilər.
Məlumata görə, Ukraynanın PUA ixracı qarşısında üç əsas problem mövcuddur. Bunlardan birincisi istehsal gücünün məhdud olmasıdır. Müharibə şəraiti və resurs çatışmazlığı artan sifarişlərin tam qarşılanmasına imkan vermir.
İkinci problem ixrac prosesinə təsir edən hüquqi və siyasi məhdudiyyətlərlə bağlıdır. Strateji texnologiyaların ötürülməsi beynəlxalq razılaşmalar və tərəfdaşlarla koordinasiya tələb etdiyindən proses ləngiyir.
Üçüncü əsas risk isə texnologiyaların təhlükəsizliyi ilə bağlıdır. Ekspertlər hesab edir ki, müasir dron texnologiyalarının digər ölkələrə ötürülməsi onların üçüncü tərəflərin əlinə keçməsi ehtimalını artırır.
Nəşr vurğulayır ki, Ukrayna mövcud üstünlüyünü qorumaq üçün istehsal imkanlarını genişləndirməli və ixrac strategiyasını daha effektiv şəkildə qurmalıdır.
//Samir Qurbanov, Editor.az

