ABŞ administrasiyası konqresmenlərdən Ukrayna və İsraildəki münaqişələr fonunda Yeni il tətillərini təxirə salmağı xahiş edib.
Editor.az bildirir ki, bu barədə “FoxNews” Ağ Evin sənədlərinə istinadən xəbər verib . Administrasiyanın bəyanatında deyilir ki, respublikaçılar tətilə çıxmaqla ölkənin milli təhlükəsizlik maraqlarına məhəl qoymurlar.
Bəyanatın müəllifi Ağ Evin mətbuat katibinin müavini Endryu Beytsdir. “Respublikaçı konqresmenlər daha təhlükəsiz cənub sərhədi uğrunda Baydenin mübarizəsinə qoşulmaqdansa, məzuniyyətə getməyi seçiblər”, – Beyts deyib. Bir gün əvvəl ABŞ Nümayəndələr Palatasının üzvləri işlərini başa vurublar və tezliklə Senatın iclası da bitəcək.
Konqresin hər iki palatası 2024-cü il yanvarın 9-da işini bərpa edəcək.
Xatırladaq ki, bir neçə aydır ki, Konqresdə Ukrayna, İsrail və Tayvana maliyyə yardımı verilməsi məsələsi müzakirə olunur. Oktyabr ayında prezident Co Bayden Ukrayna üçün 61,4 milyard, İsrail üçün isə 14,3 milyard dollar tələblər göndərib. Lakin respublikaçılar və demokratlar arasındakı fikir ayrılıqları səbəbindən maliyyə məsələsi 2024-cü ilə qədər təxirə salınıb.
//Samir Qurbanov, Editor.az

