Ümid və güvənc ünvanı – Jalə Əliyeva yazır..backend

Ümid və güvənc ünvanı  Jalə Əliyeva yazır..

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jalə ƏLİYEVA
Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri komitəsinin sədr müavini, professor

Məşhur atalar məsəlimiz var: “Çörəyi ver çörəkçiyə, birini də üstəlik”. Bəli, çörəyi çörəkçiyə, işi bacarana, gəmini əsl sükançıya – kapitana etibar, etimad edəndə, həyat da düzənli olur, elə dünyamız da. 

Bəli, həyat ritmimizin yerli-yerində, qaynar qazan kimi çalxalanan-çalxalandırılan dünyamızın düzənli, intizamlı olması üçün hər kəs xırda, cılız, dar maraq və ambisiyalardan uzaq olmalı, daha çox Layiqlilərin, Haqq edənlərin, qaranlıq dünyaya, insanlığa Çıraq olanların önə, iş başına keçməsinə çalışmalı və nail olmalıdır.

Şair demişkən, “Müsibət oluruq biz, səhv düşəndə yerimiz”. Bəli, yerimizin, yerlərimizin səhv düşməməsi, müsibət və müsibətlərə bais olmamağımız üçün də daim Haqq edənlərin Haqqını verməli və Haqqını tanımalıyıq.

Bu gün qaranlıq dünyamıza, insanlığa Nur saçmaq, Çıraq tutmaq, Mayak olmaq üçün gələn, bu missiya üçün doğulan insanlardan, şəxsiyyətlərdən biri də Birinci vitse-prezidentimiz, ölkənin Birinci ledisi, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, deputatlıq səlahiyyətlərinə hələ 4 il yarım öncə xitam verilsə də, millətinin ƏBƏDİ vəkili olan Mehriban xanım Əliyevadır.

O Mehriban xanım ki, tanınmış ziyalı ailəsindən, ziyalılar nəslindəndir.

O Mehriban xanım ki, böyük siyasət məktəbinin təmsilçisi, Əliyevlər ocağının nümayəndəsidir.

O Mehriban xanım ki, həm gözəl övlad, həm gözəl gəlin, həm gözəl həyat yoldaşı, həm gözəl ana, həm gözəl dost-sirdaş, həm də gözəl vətəndaşdır, əsl azərbaycanlıdır.

O Mehriban xanım ki,  sosial-humanitar layihələri ilə Azərbaycan sərhədlərini aşan, dünyanın rəhm, mərhəmət, şəfqət simvoluna çevrilən, darda olanların dadına çatan, köməyə ehtiyac duyanların köməyinə yetən, ürəyindən hər kəsə pay verən, ürəklərdə taxt ucaldandır.

O Mehriban xanım ki, üzərinə, çiyinlərinə götürdüyü missiyanı şərəflə daşıyan, ona etibar, etimad edilən istənilən vəzifəni axıracan və layiqincə yerinə yetirən, etimadı, güvəni doğruldan, boşa çıxarmayandır.

Necə ki, 4 il yarım öncə Birinci vitse-prezidentlik kimi çox çətin, çox məsul bir vəzifə ona etimad edilərkən Mehriban  xanım çəkinmədən, tərəddüd etmədən çiyinlərini bu ağır missiyanın, yükün altına verdi və ötən dövr ərzində də öz titanik fəaliyyəti ilə bir daha ona olan güvəni, etimadı birə on doğrultdu. Bir daha ona etimad göstərənin, Müzəffər və Qalib Sərkərdənin, ölkə Prezidenti cənab İlham Əliyevin ən yaxın, ən sadiq, ən güvənli silahdaşı, sirdaşı, yol yoldaşı, arxadaşı oldu.

Bəli, Mehriban xanım olan, onun əlini qoyduğu hər bir yerdə uğur, nailiyyət, müvəffəqiyyət, uğur var. Bunun əksi mümkün deyil.

O, həm Azərbaycan mədəniyyətinin himayədarıdır, həm Azərbaycan idmanının – Azərbaycan idmançılarının dostu, himayəçisidir. Son illər Azərbaycan mədəniyyətinin intibah dövrünü yaşaması, Azərbaycan muğamının dünyanı fəth etməsi və yaxud Azərbaycan idmançılarının dünya arenalarında üçrəngli Azərbaycan bayrağını şəstlə, qürurla dalğalandırması, Azərbaycanın dünyanın idman ölkələrindən birinə çevrilməsi deyilənlərin əyani sübutu və təsdiqidir.

O, həm də əsl diplomat, əsl siyasət bilicisi, Azərbaycan həqiqətlərinin əsl carçısıdır. Məhz onun və rəhbəri olduğu Heydər Əliyev Fondunun Azərbaycan, Qarabağ, Xocalı həqiqətlərinin dünyaya olduğu kimi, doğru-düzgün çatdırılması istiqamətində gördüyü işlər, uzun illər dərdlərimizə, faciələrimizə susqun münasibət göstərənlərin, laqeyd qalanların artıq acı gerçəklikləri qəbul etməsi, Xocalı qətliamının bir çox parlamentlərdə soyqırımı aktı kimi tanınması, ona hüquqi-siyasi qiymət verməsi təkzibedilməz, görməzdən gəlinməsi mümkün olmayan faktlardır.

Son illər, xüsusilə də son iki ildə çox məsuliyyətli, çox həssas anlar yaşamış və yaşamaqdayıq. Koronavirus adlı “gizli düşmən” və erməni adlı açıq düşmənlə mübarizədə çox böyük yol və məsafə qət etmişik. Açıq düşməni nəhayət, 32 ildən sonra “Dəmir yumruq”la məhv etmiş, tarixi Qələbə və Zəfər qazanmışıq. “Gizli düşmən”lə də mübarizədə örnək, nümunə olmuşuq, dünyanın aparıcı, söz sahibliyinə iddialı ölkələrinin qarşısında belə, əlacsız, girinc qaldığı koronavirus bəlası ilə mücadilədə Azərbaycan modeli yaratmışıq, bir çox nüfuzlu beynəlxalq qurumlara, 30-dan artıq ölkəyə maddi-mənəvi yardım etmişik. Bu işlərdə, bu nailiyyətlərdə, bu Qələbə və Zəfərdə də Mehriban xanımın əməyi, rolu, fəaliyyəti müstəsnadır, danılmazdır.

Avqustun 26-da bu böyük insanın, bu böyük qəlb sahibinin növbəti doğum günüdür. Növbəti doğum-əlamətdar gün münasibəti ilə Mehriban xanımı ürəkdən təbrik edir, bütün gözəlliklər Sizin olsun deyirik. O, dünyanın bütün gözəlliklərinə layiqdir, bütün gözəllikləri Haqq edir, qoy elə bütün gözəlliklər də Onun olsun!

Doğum gününüz bir daha mübarək, əzizimiz, dəyərlimiz Mehriban xanım!

Loading...