Gecələr müntəzəm olaraq süni işığa məruz qalmaq ürək-damar xəstəliklərinin inkişaf riskini əhəmiyyətli dərəcədə artıra bilər. Britaniya alimləri belə qənaətə gəliblər.
Editor.az xəbər verir ki, tədqiqatın ilkin çapı medRxiv portalında dərc edilib.
Tədqiqatda 88 mindən çox insan iştirak edib. Bütün könüllülər bir həftə ərzində biləklərində işıqlandırma səviyyəsini qeyd edən xüsusi sensorlar taxıblar. Daha sonra bu məlumatlar subyektlərin sonrakı 9,5 illik tibbi tarixi ilə müqayisə edilib.
Məlum olub ki, gecələr daha tez-tez parlaq işığa məruz qalan insanlarda ürəyin işemik xəstəliyi, miokard infarktı, ürək çatışmazlığı, aritmiya və insult inkişaf riski əhəmiyyətli dərəcədə artıb. Fiziki fəaliyyət, pəhriz və yuxu keyfiyyəti, pis vərdişlər və genetika kimi digər risk faktorları nəzərə alındıqdan sonra da gecə işığı ilə ürək xəstəliyi arasındakı əlaqə davam edib. Mənfi təsir xüsusilə qadınlarda və gənclərdə özünü göstərib.
Tədqiqat müəllifləri bunu sirkadiyalı ritmləri – ürəyin fəaliyyətini, maddələr mübadiləsini və hormonal səviyyələri tənzimləyən daxili bioloji saatları pozmaqla izah edirlər. Gecədə parlaq işıq bu ritmlərin fəaliyyətini pozaraq orqanizm sistemlərində pozulmalara səbəb olur. Tədqiqatçılar yataq otağından mümkün qədər çox işıq mənbəyini aradan qaldırmağı, axşam saatlarında ekranların və lampaların parlaqlığını azaltmağı tövsiyə edirlər.
//Gülnarə Abasova, Editor.az

