Ursula von der Leyenin “sərgüzəştləri”, yaxud da “Dəyirman öz işindədir, çax-çax isə baş ağradır”backend

Ursula von der Leyenin “sərgüzəştləri”, yaxud da “Dəyirman öz işindədir, çax-çax isə baş ağradır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gündən sonra Bakıda dünyanın miqyasına görə ən böyük tədbirlərindən biri – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 başlanacaq.

Ev sahibi olaraq Azərbaycan üzərinə düşəni edərək, bütün dövlət və hökumət başçılarına, beynəlxalq təşkilat rəhbərlərinə, media agentliklərinə rəsmi dəvət məktubları göndərib. Onların çoxu da bu dəvətə “hə” deyib və dünya üçün olduqca vacib bu tədbirdə iştirakını təsdiqləyiblər. Aİ-nin İqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra isə artıq Bakıdadır.

Lakin gözlənildiyi kimi, bəzi dövlət və hökumət başçıları və bəzi beynəlxalq təşkilat rəhbərləri müxtəlif bəhanələrlə Bakıya gəlməyəcəklərini elan ediblər. Bu tendensiya bəzi Avropa dövlətləri arasında və Avropa ölkələrinin təmsil olunduğu təşkilatlarda daha çox müşahidə olunur.

Misal üçün ermənilərin “böyük bacıları – Emmanuel Makronun Bakıya gəlməyə nə ürəyi, nə də üzü yoxdur. Heç Bakıdada da onu gözləmirlər. Erməni diasporunun səsinə və puluna ehtiyacı olan ABŞ prezidentini də başa düşmək olar. Belçika, Niderland, Norveç kimi Azərbaycanı sevməyən digər Avropa dövlətləri ilə bağlı da hər şey aydındır.

Amma Avropa Komissiyasının sədri xanım Ursula fon der Layenin Bakıya gəməkdən imtina etməsi ən yaxşı halda təəccüb doğurur. Bu günlərdə qurumun sözçüsü təsdiq edib ki, sədr Ursula von der Leyen Azərbaycanda keçiriləcək COP29 iqlim sammitində iştirak etməyəcək. O qeyd edib ki, “Avropa Komissiyası keçid mərhələsində olduğundan, sədr əsas diqqətini öz institusional məsuliyyətlərinə yönəldəcək”.
Şübhəsiz ki, bu səbəb deyil, cılız bir bəhanədir. Özü də ev tapşırıqlarını yerinə yetirməyən bir şagirdin gətirdiyi cılız bəhanələr kimi. Çünki Layen xanım özü də yaxşı bilir ki, bu tipli tədbirlərdə (harada keçirilməsindən asılı olmayaraq) iştirak yalnız onun vəzifəsi yox, həm də birbaşa borcudur. Çünki planeti ən çox təhlükəyə məruz qoyan, çirkləndirən məhz onun başçılıq etdiyi təşkilatda təmsil olunan dövlətlərdir.

Bir faktı deyək: ÜST-nin məlumatına görə, Avropada ekoloji risk faktorları koroner ürək xəstəliyi hallarının təxminən 26 faizini, insultların 25 faizini və xərçəngin 17 faizini təşkil edir. Burada insan ölümlərinin də əsas səbəbi nəqliyyat, sənaye və enerji istehsalı ilə əlaqəli havanın çirklənməsidir.

Belə olan halda Ursula von der Layenin Bakıya gəlməkdən imtina etməsinə yalnız bir ad vermək olar: məsuliyyətdən yayınmaq. Amma xanım Leyen da anlayır ki, “qaçmaqla” məsuliyyətdən yaxa qurtarmaq mümkün deyil. Hər şeyin bir sonu, hər sualın bir cavabı əvvəl-axır olmalıdır.

Başqa səbəblər də ola bilər. Məsələn, ola bilsin ki, Azərbaycanın öz torpaqlarını erməni işğalından azad edib, dövlət suverinliyini bütövlüşdürməsi Layen xanıma da “pis təsir” edib. Bəlkə o da Avropa Şurası, AŞPA, ATƏT və s. kimi Ermənistanın “yasını tutan” Fransa prezidenti Emmanuel Makronun “göz yaşları”nın təsiri altına düşüb?

Əgər elədirsə, çox pis. Çünki Azərbaycan beynəlxalq hüquqa, BMT qətnamələrinə zidd heç bir görməyib. Daha dəqiq desək, onların yerinə yetirməli olduğu işi görüb.

İkincisi, Azərbaycan tərəfdaş ölkə kimi, bu gün Avropanın yaşamasında, xüsusilə də enerji təhcizatında vacib rol oynayır. Elə xanım Leyen özü 2022-ci ilin iyulunda Azərbaycanda səfərdə olarkən bəyan etmişdi ki, Avropa İttifaqı daha etibarlı enerji təchizatçıları axtarışındadır və Azərbaycan Avropanın təchizat təhlükəsizliyi və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaş kimi çıxış edir. Maraqlıdır, bəs indi nə oldu?

Qısası “ya zəlzələdən, ya vəlvələdən” Ursula vn der Leyen COP29-a gəlməyəcək. Amma COP29 olacaq, özü də ən yüksək səviyyədə.

Onsuz də biz belə şeylərə öyrənmişik. Nə vaxt ki, Azərbaycan hansısa qlobal bir tədbirə, hətta beynəlxalq idman yarışına ev sahibliyi edirsə, belə söhbətlər, şıltaqlıqlar, ərköyünlüklər, qısqanclıqlar, paxıllıqlar və s. ən qabarıq formada ortaya çıxır.

Bu da onların növbətisidir və bizə elə gəlir ki, bəlkə də ona bu qədər diqqət yetirmək özü, doğru deyil. Necə deyərlər, “Dəyirman öz işində, çax-çax isə baş ağrıdır”.

Fərid Şahbazlı
Siyasi şərhçi