Uşağı döyə-döyə “müalicə” etdi, görüntünü anasına göndərdi: Psixoloji xidmətlərə nəzarət niyə yoxdur?backend

Uşağı döyə-döyə “müalicə” etdi, görüntünü anasına göndərdi: Psixoloji xidmətlərə nəzarət niyə yoxdur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün uşağın psixoloji yardım almalı olduğu bir mərkəzdə döyülməsi cəmiyyətdə ciddi narahatlıq yaradıb. Daha dəhşətlisi isə bu görüntülərin təsadüfən uşağın valideyninə göndərilməsi və hadisənin üzə çıxmasıdır. Bu hadisə təkcə bir şəxsin peşə etikasını pozması deyil, psixoloji xidmət sahəsində mövcud boşluqları da gündəmə gətirir. Bu gün özünü psixoloq, psixoloji məsləhətçi, həyat kouçu və müxtəlif adlarla təqdim edən kifayət qədər insan var.

Onların hansı təhsilə, peşəkar hazırlığa və təcrübəyə sahib olması isə çox zaman cəmiyyətə məlum deyil. İnsanların ən həssas anlarında müraciət etdiyi bu sahədə nəzarətsiz fəaliyyət ciddi nəticələrə səbəb ola bilər. Xüsusilə uşaqlarla işləyən mütəxəssislərin peşəkarlığı və etik davranışı daha ciddi meyarlarla qiymətləndirilməlidir.

Çünki psixoloqa etibar edən insan yalnız məsləhət deyil, həm də təhlükəsiz və sağlam münasibət gözləyir. Bu baxımdan psixoloji xidmət sahəsində peşəkar standartların, nəzarət mexanizmlərinin və məsuliyyətin gücləndirilməsi artıq zərurət kimi görünür. Bir mütəxəssisin səhvi və ya qeyri-peşəkar davranışı isə bütövlükdə psixologiya sahəsinə olan ictimai etimadı sarsıda bilər.

Mövzu ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov Editor.az-a açıqlamasında bildirib ki, uşaqlarla çalışan psixoloq, loqoped və digər mütəxəssislərin fəaliyyətində peşəkarlığa nəzarət məsələsi son dərəcə ciddi yanaşma tələb edir:

“Burada söhbət sadəcə göstərilən xidmətin keyfiyyətindən deyil, uşağın fiziki və psixoloji təhlükəsizliyindən gedir. Azərbaycanda bu sahə tamamilə hüquqi tənzimləmədən kənarda deyil. “Psixoloji yardım haqqında” Qanuna əsasən, psixoloq müvafiq ixtisas üzrə ali təhsil almış və ya qanunvericiliklə nəzərdə tutulan qaydada həmin ixtisası əldə etmiş şəxs olmalıdır. Qanun həmçinin psixoloji yardımın peşəkar standartlara, insan ləyaqətinə və etik prinsiplərə uyğun göstərilməsini tələb edir. Səhiyyə müəssisələrində çalışan klinik psixoloqlar üçün isə ixtisas attestatı tələbi də mövcuddur.

Ancaq hesab edirəm ki, əsas məsələ qanunun mövcudluğu ilə yanaşı, onun praktikada nə dərəcədə effektiv işləməsidir. Xüsusilə özəl mərkəzlərdə və sosial şəbəkələr vasitəsilə xidmət göstərən şəxslərin təhsilinin, ixtisasının və hansı metodlardan istifadə etdiyinin vətəndaş tərəfindən asanlıqla yoxlanılması mümkün olmalıdır”.

Millət vəkilinin sözlərinə görə, uşaqla işləyən mütəxəssisə münasibətdə tələblər daha sərt olmalıdır:

“Çünki uşaq ona qarşı tətbiq edilən yanlış metodu qiymətləndirmək, etiraz etmək və ya baş verənləri valideyninə düzgün çatdırmaq imkanına hər zaman malik deyil. Fiziki şiddətin, alçaldıcı davranışın və qorxu yaratmağın isə hansısa “terapiya metodu” adı altında əsaslandırılması qəbuledilməzdir.
Bu baxımdan psixoloq və loqopedlər üçün ixtisasın təsdiqlənməsi, mütəmadi peşəkar hazırlığın qiymətləndirilməsi, etik standartların müəyyənləşdirilməsi və pozuntu zamanı fəaliyyət hüququnun məhdudlaşdırılması və ya dayandırılmasını təmin edən vahid və şəffaf mexanizmin yaradılmasını məqsədəuyğun hesab edirəm. Bunun sertifikasiya, akkreditasiya və ya müəyyən fəaliyyət növləri üçün lisenziyalaşdırma formasında olması ayrıca hüquqi və peşəkar müzakirənin mövzusudur. Əsas məqsəd əlavə bürokratiya yaratmaq deyil, vətəndaşa — xüsusilə uşağa — kimin peşəkar xidmət göstərdiyinə dövlət tərəfindən etibarlı təminat vermək olmalıdır.

Eyni zamanda “psixoloq”, “həyat kouçu”, “terapevt” və digər adlar altında sosial şəbəkələrdə xidmət təklif edən şəxslərin fəaliyyət sərhədlərinin də daha aydın müəyyənləşdirilməsinə ehtiyac var. İnsan özünü istədiyi adla təqdim edə bilər, amma ixtisas tələb edən psixoloji müdaxilə və terapiya aparmaq hüququ başqa məsələdir.

Son hadisələrə yalnız konkret bir şəxsin davranışı kimi yanaşmaq düzgün olmazdı. Belə hallar sistemdə hansı boşluqların olduğunu müəyyənləşdirmək, uşaqlarla işləyən mütəxəssislərin kvalifikasiyasının yoxlanılması və fəaliyyətinə nəzarət mexanizmlərini yenidən qiymətləndirmək üçün əsas olmalıdır. Uşağın təhlükəsizliyi olan yerdə nəzarət sonradan deyil, problem baş verməzdən əvvəl işləməlidir”.

Sosioloq Üzeyir Şəfiyev Editor.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə son vaxtlar psixoloqların və uşaqla işləyən digər sahə adamlarının fəaliyyəti ilə bağlı cəmiyyətdə ciddi ictimai müzakirələr gedir:

“Bu, təsadüfi dəyil. Çünki bir neçə keys nümunəsi var ki, uşaqla işləyən sahə adamlarının qeyri-düzgün, qeyri-adekvat yanaşması və qeyri-peşəkar fəaliyyəti nəticəsində problemlər yaşanır.

Elə bu da məhz psixoloqların, o cümlədən loqopedlərin və digər sahə adamlarının fəaliyyətinin lisenziyalaşması, sertifikasiyasını həyata keçirmək zərurətini ortaya qoyur. Ya bunun üçün ayrıca bir qurum olmalıdır ki, bu sahə mütəxəssislərinin sertifikasiyası və lisenziyalaşmasını həyata keçirsinlər, ya da ki, hansısa bir nazirliyin nəzdində bu sahə adamlarının sertifikasiya və lisenziyalaşmasını həyata keçirilməsi mümkün olsun.

Mənə görə bu çox ciddi əhəmiyyətli bir məsələdir. Əks təqdirdə, qeyri-peşəkarlar, hansı ki, gedib 2 həftəlik, 3 həftəlik bir onlayn təlim keçir, bir sertifikat alır və gəlir özünü psixoloq kimi, loqoped kimi və digər sahə adamı kimi cəmiyyətə sırıyır. Beləliklə, bu qeyri-peşəkar fəaliyyət ağır sosial fəsadlara yol açan hadisələrə səbəb olur.

Buna görə də güman edirəm ki, yaxşı olar ki, psixoloqların, sosial işçilərin, loqopedlərin, eyni zamanda, uşaqlarla işləyən dayələrin və digər sahə adamlarının da lisenziyalaşması, sertifikasiyası həyata keçirilsin.

Bundan irəli gələrək, hesab edirəm ki, psixoloji yardım və sosial xidmət haqqında qanunda təkmilləşdirmələr aparılmalıdır”.

 

//Gülnarə Abasova, Editor.az