“Əl-Qaidə” terror təşkilatının öldürülən lideri Usamə bin Ladenin oğlu Ömər bin Laden İngiltərənin “The Sun” qəzetinə keçmişdə “Əl-Qaidə” düşərgələrində şahidi olduğu vəhşiliklərdən danışıb.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, atasının onun yaxşı terrorçu olmasını istədiyini deyən Ömər, ona ən çox təsir edən məqamın kimyəvi silahlar olduğunu bildirib. Ömər, atasının onu terrorçu kimi böyütmək istədiyini, buna görə də düşərgələrdə hər zaman birlikdə vaxt keçirməli olduqlarını deyib.
Əfqanıstanda 5 il qaldığını bildirən Ömər düşərgələrdə “AK-47″ piyada tüfəngləri və rus tanklarından istifadə etməyi öyrəndiyini, lakin kimyəvi silahları görəndə içində olduğu mühitdən soyuduğunu bildirib: “Atam heç vaxt məndən “Əl-Qaidə”yə qoşulmağı xahiş etməyib, lakin o, dedi ki, mən onun oğlu kimi bu prosesi davam etdirmək üçün seçilmişəm”.
İngiltərədə yaşayan və evli olan Ömər atasının ən yaxın adamlarının həyata keçirdiyi dəhşətli kimyəvi təcrübələrdən də danışıb.
“Onlar kimyəvi silahlarını mənim itlərimin üzərində sınaqdan keçirdilər. Bacardığım qədər bütün pis anları unutmağa çalışıram. Bu çox çətindir. Davamlı ağrı çəkirsən”-deyə, Ömər qeyd edib.
Ömər atasının niyə onu davamçı kimi seçdiyinə belə cavab verib:”Yəqin ki, mənim daha ağıllı olduğumu bilirdi. Ona görə də mən bu gün sağam”.
//Samir Qurbanov, Editor.az


