Uşaqlar üçün çox zərərli olan məşhur qidalar bunlardırbackend

Uşaqlar üçün çox zərərli olan məşhur qidalar bunlardır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyümə və inkişaf dövründə uşaqların orqanizmi balanslı qidalanmaya xüsusilə ehtiyac duyur. Amma həm böyüklər, həm də uşaqlar arasında populyar olan bəzi məhsullar əslində onların sağlamlığına ciddi zərər verə bilər.

Editor.az xəbər verir ki, bunu pediatrik endokrinoloq, doktor Oksana Mixaleva deyib.

Mütəxəssis ilk növbədə şirin süd məhsullarının – qatqılı qatıq, kokteyl, şirin kəsmik və kəsmik məhsullarının məhdudlaşdırılmasını tövsiyə edir. Onların tərkibində çoxlu şəkər, boyalar, dadlandırıcılar və konservantlar olur. Əgər uşaq artıq çəkiyə meyllidirsə, bu cür məhsulları menyudan tamamilə çıxarmaq daha yaxşıdır.

Həkimin sözlərinə görə, sənaye üsulu ilə hazırlanmış meyvə şirələri və şəkərli qazlı içkilər də uşaqlar üçün təhlükəlidir. Onların kalorisi yüksək, amma vitamin və lif miqdarı çox azdır. Belə içkilər doyurucu olmadığından uşaqlar normadan artıq qida qəbul edə bilər. Həddindən artıq fruktoza isə piylənmə və diabet riskini artırır. Uşaqlar üçün ən sağlam seçim sadə su və təbii süd məhsullarıdır.

Mixaleva xüsusilə hazır səhər yeməklərinin zərərini vurğulayır. Reklamlarda faydalı kimi təqdim edilsə də, onların tərkibi əsasən sürətli karbohidratlardan və şəkərdən ibarətdir. Lif, vitamin və mineral isə demək olar ki, yoxdur. Ən yaxşı alternativ – şəkərsiz yulaf sıyığı və ya müsli, yanında isə təzə meyvə və qoz-fındıqdır.

Əgər uşaq şirniyyat istəyirsə, həkim daha təhlükəsiz variantlara üstünlük verməyi məsləhət görür: az miqdarda şokolad, cem və ya dondurma olar. Əsas qayda – ölçünü qaçırmamaqdır. Peçenye və simit kimi “yüngül qəlyanaltılar”ın əvəzinə isə sağlam seçimlər etmək lazımdır: qoz-fındıq, meyvə, tərəvəz, pendir və ya ətli tam taxıllı sendviç.

//Gülnarə Abasova, Editor.az