Rusiya ilə müharibənin davam etdiyi Ukraynada indiyədək tibb müəssisələrinə 108 hücum edildiyi açıqlanıb.
Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat verib.
ÜST sözçüsü Bhanu Bhatnaqar Ukraynada tibb müəssisələrinin son vəziyyətindən və edilən yardımlardan bəhs edib.
“Ukraynada səhiyyə müəssisələrinə edilən hücum zamanı 73 nəfər həlak olub, 51 nəfər isə yaralanıb. ÜST Ukraynanı bütün tibbi ləvazimatlarla təmin edir. Bu günə qədər bölgəyə 216 ton təcili və tibbi ləvazimat göndərilib. Bu yardımların 122 tonunun müharibədən ən çox zərər çəkən şərq və şimal şəhərlərinə çatdırılıb. Ümumdünya Səhiyyə Təşkilatı paytaxt Kiyevdəki ofisini yenidən açmaq üçün əlindən gələni edir. Paytaxtda olmağımız son dərəcə vacibdir. Beləliklə, qonşu bölgələrə də yardımları rahat çatdıra bilər, Ukraynanın hökumət rəsmiləri ilə daha çox təmasda ola bilərik. Müharibədən ən çox zərər çəkən Dneprdəki fəaliyyət mərkəzlərini genişləndirməyi planlaşdırırıq. Ukraynaya tibbi yardımların göndərilməsi davam etdiriləcək. Yaxın günlərdə bəzi xəstəxanalara 15 generator və 20 təcili yardım maşını veriləcək. Hazırda 300 sağlamlıq mərkəzi münaqişə xəttindədir. 1000-dən çox mərkəz münaqişələr səbəbindən evakuasiya edilib və bu ərazilərdə səhiyyə xidmətləri dayandırılıb”,- deyə Bhatnaqar bildirib.
Onu da qeyd edək ki, Ümumdünya Ərzaq Proqramı (WFP) böhran vəziyyətində olan Ukraynada fəlakətdən zərər çəkmiş 3,1 milyon insana 3 ay müddətində lazımi pul yardımının verilməsi üçün 590 milyon dolların lazım olduğunu açıqlayıb.
//Editor.az

