“Bütün müharibələrin sonu birinci mərhələdə atəşkəslə, ikinci mərhələdə isə sülh sazişi ilə nəticələnir. Belə ki, hər iki tərəfdən müəyyən şərtlər də irəli sürülür. Bura daxil olan şərtlərdən biri də əsir və girovların geri qaytarılmasıdır. Hazırda isə HƏMAS buna getmək istəmir. Çünki onun bir çox üzvləri İsraildə əsir götürülüb”.
Bunu Editor.az-a açıqlamasında diplomat, politoloq Fikrət Saxıdov deyib.
Politoloq bildirib ki, münaqişə tərəfləri barışıq üçün ciddi çox şərtlər ortaya qoyur ki, buna da asanlıqla əməl etmək mümkün deyil:
“İsrailin rəhbərliyi bəyan etdi ki, onun əsas məqsədi HƏMAS-ı məhv etməkdir. Maraqlıdır, İsrail buna necə nail olmaq istəyir? Qəzzanı tamamilə məhv etməkləmi? Bu da sual altındadır. Çünki HƏMAS-ın əsas rəhbərləri Qəzzanı tərk edib gizləniblər. Eyni zamanda, vasitəçi qüvvələr də münaqişənin bitməsi üçün əlindən gələni edir. Gec-tez hansısa güzəştli qərar qəbul olunacaq. Çünki uzunmüddətli münaqişə heç bir tərəfin marağına cavab vermir”.
//Gülnarə Abasova, Editor.az