Valideyn məsuliyyəti sərtləşir: zorakılıq uşağın gələcəyini necə dəyişir?backend

Valideyn məsuliyyəti sərtləşir: zorakılıq uşağın gələcəyini necə dəyişir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uşaqların hüquqlarının qorunması və sağlam nəslin formalaşdırılması dövlət və cəmiyyət üçün strateji əhəmiyyət daşıyır. Bu baxımdan ailədaxili münasibətlərdə tətbiq olunan tərbiyə üsullarının həm milli-mənəvi dəyərlərə, həm də müasir psixoloji yanaşmalara uyğun şəkildə qurulması vacibdir. Qanunvericilikdə aparılan dəyişikliklər fonunda valideyn məsuliyyətinin daha da artırılması, uşaqların fiziki və psixoloji təhlükəsizliyinin təmin edilməsi prioritet məsələlərdən biri kimi ön plana çıxır.

Psixoloq Leyla Əli bildirib ki, valideynlərin “tərbiyə” adı ilə tətbiq etdikləri fiziki və psixoloji cəza üsulları ilk baxışda uşağın davranışını qısa müddətdə nəzarətdə saxlayırmış kimi görünsə də, uzunmüddətli perspektivdə onun psixoloji inkişafına ciddi mənfi təsir göstərir və həyatına qalıcı izlər buraxa bilər:

“Xüsusilə davranış çətinlikləri yaşayan uşaqlara qarşı fiziki zorakılıq, ac saxlama və ya qaranlıq otaqda saxlama kimi yanaşmalar problemi aradan qaldırmır, əksinə daha da dərinləşdirir. Uşaq psixologiyasının əsas prinsiplərindən biri ondan ibarətdir ki, heç bir davranış səbəbsiz yaranmır. Aqressiya, itaətsizlik və ya uyğun olmayan davranışların arxasında emosional ehtiyac, diqqət tələbi və ya özünü ifadə edə bilməmək kimi amillər dayanır. Fiziki və psixoloji cəza bu ehtiyacları qarşılamır, əksinə uşağın daxili gərginliyini artırır və təhlükəsizlik hissinə zərbə vurur.

Mütəmadi cəzalandırılan uşaqlarda aşağıdakı hallara daha çox rast gəlinir:
– Aqressiv davranışların artması;
– Özünə inamın zəifləməsi;
– Qorxu və təşviş hallarının güclənməsi;
– Sosial münasibətlərdə çətinliklər;
– Yalan danışmaq və davranışları gizlətmək meyli;

Uşaq cəza yolu ilə düzgün davranışı mənimsəmir, yalnız cəzadan yayınmağı öyrənir. Bu isə daxili məsuliyyət hissinin deyil, xarici qorxu amilinin formalaşmasına səbəb olur. Nəticədə valideyn nəzarəti olmadıqda eyni davranışların davam etməsi ehtimalı yüksək olur”.

Psixoloqun sözlərinə görə, xüsusilə davranış pozuntuları olan uşaqlarda sərt cəza üsulları vəziyyəti daha da ağırlaşdırır:

“Bu uşaqların sinir sistemi daha həssas olduğu üçün sərt yanaşmalar onların özünü tənzimləmə bacarıqlarını zəiflədir və daha impulsiv davranış modellərinin formalaşmasına gətirib çıxarır. Sağlam psixoloji inkişaf üçün uşağın əsas ehtiyacları təhlükəsizlik hissi, anlayış, sabit və aydın sərhədlər, eləcə də emosional dəstəkdir. Effektiv tərbiyə cəza üzərində deyil, valideyn-uşaq münasibətinin möhkəmləndirilməsi üzərində qurulmalıdır. Davranışın düzgün istiqamətləndirilməsi üçün sakit izah, alternativ davranışların göstərilməsi və müsbət möhkəmləndirmə daha səmərəli yanaşmalar hesab olunur.

Valideynlər nəzərə almalıdırlar ki, tərbiyə uşağı alçaltmaq və ya qorxutmaq deyil, onun şəxsiyyət kimi inkişafına dəstək olmaq və dəyərlərini formalaşdırmaq deməkdir”.

//Gülnarə Abasova, Editor.az