Valideyn övladını məktəbə və ya fənn hazırlığına göndərir, ancaq uşaq belində çantası ilə siqaret çəkir – GÜNAHKAR KİMDİR?backend

Valideyn övladını məktəbə və ya fənn hazırlığına göndərir, ancaq uşaq belində çantası ilə siqaret çəkir – GÜNAHKAR KİMDİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çox təəssüf ki, son zamanlar yenə təhsil sahəsində xoşagəlməz hadisələr gündəmi zəbt edir.Əbəs yerə deyilməyib ki bir millətin gələcəyini məhv etmək üçün onun müəllimini gözdən salıb, təhsilini məhv etməlisən. Düşünürəm ki hazırda təhsil adına aparılan qara piarın arxasında kimlərsə durur. Rüşvət, korrupsiya halları və ya digər neqativ hallar 10 il əvvəl də var idi, 5 il əvvəl də, indi də… Ancaq hazırda aparılan maariflənmə işlərinə görə qismən də olsa bu cür neqativ halların qarşısı alınır. Çünki istər valideyn, istər şagird, istərsə də müəllim hər hansı bir neqativ halnan qarşılaşsa bu mövzuda sosial şəbəkələrdə paylaşımlar edir”.

Bu sözləri Editor.az-a açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib.

Təhsil eksperti qeyd edib ki, illərdir aktual olan müəllim- şagird münasibətlərində yaranan problemlərin  əsas səbəblərindən biri  valideyn-müəllim münasibətlərindədir:

“Əgər valideyn övladına doğru tərbiyə versə, məktəblərdə olan bu kimi problemlər kifayət qədər azalar. Diqqət etsəniz görərsiniz ki, bəzi valideyinlər övladını dərsdən sonra fənn hazırlıqlarına, sosial fəaliyyətlərə yazdırdığından, uşaq evə ancaq yatmağa gəlir. Bu uşaq valideyn sevgisindən uzaq olur, valideyn tərbiyəsindən uzaq olur. Özüm dəfələrlə rastlaşmışam ki, valideyn övladını “fənn hazırlığına göndərib”, ancaq uşaq belində çantası ilə siqaret çəkir və ya çayxanada domino oynayır. Valideyn isə bir dəfə müəllimi ilə əlaqə saxlamayıb ki, övladım bugün dərslərinə hazırlaşıbmı? Bu fürsətdən istifadə edənlər isə həmin şagirdləri müəyyən edərək onlar arasında əvvəlcə kriminal aləmin “gözəlliklərindən” danışacaq, daha sonra bu yeniyetmələri müxtəlif əyləncə məkanlarına dəvət edəcək, hətta “kişi deyilsən,bir dəfəynən heçnə olmaz” deyib gəncliyimizi zəhərləyirlər. Bu şagirdlər isə məktəbə gələrkən özlərini idarə edə bilmədikləri üçün istədikləri hərəkəti edə bilirlər. Onların narkotik istifadəçisi olduğunu müəllimi də bilir, direktoru da. Sadəcə olaraq “ağrımayan başımı niyə ağrıdım” düşüncəsi ilə sakit dururlar. Cəmiyyətin bir üzvü olaraq bizlər isə sadəcə günahkar axtarırmışıq kimi bir nəfər axtarırırıq ki bütün hirsimizi həmin adamı linç edərək çıxaq.Bu kimi səbəblərdən 9- cu sinifdən etibarən valideyinlər istər qız, istərsə də oğlan övladlarını məktəbdən uzaqlaşdırır və müəyyən kurslara, repetitor yanına hazırlığa göndərir. Bu işdə mətbuat da, təhsil işçiləri də, valideyinlər də ulu öndərin də qeyd etdiyi kimi gələcəyimizə sahib çıxmaq üçün “Təhsil millətin gələcəyidir” deyib bərabər çalışmalıyıq. Əks halda heç bir nəticəni əldə edə bilməyəcəyik”.

Psixoloq Fərqanə Mehmanqızı isə Editor.az-a açıqlamasında qeyd edib ki, son baş verən hadisələrin səbəblərini məktəbdə, bağçada, universitetdə yox, cəmiyyətdə axtarmaq lazımdır.

” Baxın görün cəmiyyətimiz nə vəziyyətdədir? Cəmiyyət aqressiyasını necə yönləndirir? İnsanların daxilində olan problem empati bacarığının aşağı düşməsi belə halların yaşanmasına gətirib çıxarır. Məktəblərdə olan aqressiya həryərde var. Bu aqressiyanın səbəbləri özümüzük. Məktəblərdə nizam-intizam qaydalarını pozan uşaqların hamısı bizim cəmiyyətdən, ailədən çıxır. Gəlin problemin kökünə diqqət yetirək. İstər müəllim, istər şagirdin hərbirinin ailəsi var. Əbəs yerə deyilmir ki,ailə “kiçik dövlət”dir. Hər bir ailə cəmiyyətə sağlam övlad verə bilməsi üçün məsuliyyət daşımalıdır. Ailə üzvlərinin bir-birinə olan münasibətləri, davranışı cəmiyyət içərisinə çıxdığı zaman özünü göstərir, bir sıra gizli problemlər ortaya çıxır. Bizim bu gün evin güzgüsü olan uşaqlarımızın daha çox vaxt keçirdiyi yer məktəb olduğuna görə problemlərin əsas səbəblərini orada görürük. Müəllim-şagird münasibətlərinin korlanmasının əsas səbəbi müəllimlərin peqaqoji bacarığının aşağı olmasıdır. Bu gün bu məsələ açıq şəkildə özünü göstərir. Buna görə ailə institunun bərpası vacibdir, milli-mənəvi dəyərlərə önəm verilməlidir. Bu gün cəmiyyətin aqressiyasının yox olması üçün təcili tədbirlər görülməlidir”.

//Gülnarə Abasova, Editor.az