Valideynlərdən pul tələb edilir: Məktəblərdə rüşvətə necə son qoyaq?backend

Valideynlərdən pul tələb edilir: Məktəblərdə rüşvətə necə son qoyaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

Son günlər ölkəmizdə ümumtəhsil məktəblərində korrupsiya hallarına tez-tez rast gəlinir. Təhsil idarəsi bu məsələni belə əsaslandırır ki, Valideyn -Müəllim Assosiasiyası məktəblərdə pulu özü yığır. Amma son iki vaxtlar məktəb direktorunun yayılan səs  yazısından görünür ki, direktor müəllimləri pul yığmağa məcbur edir.

Bu mövzu hər zaman aktual olsa da son günlər ard-arda  baş verən hadisələrlə bağlı yayılan faktlar bu məsələni daha da gündəmə gətirdi.

Təhsildə, məktəbdə korrupsiyaya, rüşvətə son qoymaq üçün nə etmək lazımdır?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov  qeyd edib ki, uşaq və gənclərin əsas təhsilinin həyata keçirilməsində şagirdlərin elmlərin əsaslarına yiyələnərək dərin və möhkəm bilik almalarında, onlarda vətənə məhəbbət hissinin aşılanmasında, yüksək milli əxlaqi keyfiyyətlərinin, mənəvi dəyərlərin formalaşmasında, məsuliyyət, intizam- tərbiyə edilməsində, məktəblilərin hüquq və estetik, fiziki tərbiyəsində, sağlamlığının qorunmasında məktəbə və ailəyə kömək məqsədi ilə ümumtəhsil məktəblərində valideyn komitəsi yaradılır:

“Məktəb və sinif valideyn komitələri öz işində ümumtəhsil məktəbinin valideyn komitəsi haqqında Əsasnaməni, məktəbin iş planını, valideyn yığıncaqlarının və pedaqoji şuranın qərarlarını, məktəb direktorunun və sinif rəhbərlərinin tövsiyələrini rəhbər tutur.
Qanunvericilik aktlarına görə Valideyn komitəsinin işinin məzmunu və vəzifələri bunlardır:

“Uşaqların tərbiyəsində vahid tələbləri müəyyən etmək və onun səmərəliliyini artırmaq məqsədilə ailənin, məktəbin və ictimaiyyətin əlaqələrini möhkəmləndirməyə kömək göstərir”

“Uşaqların vaxtında əsas icbari təhsilinin həyata keçirilməsində məktəbə və valideynlərə kömək göstərir”

“Şagirdlər və valideynlər arasında pedaqoji və psixoloji biliklərin təbliğinə kömək edir”;

“Məktəblərdə milli-əxlaqi və mənəvi dəyərlərin inkişaf etdirilməsi və bu prinsiplər üzrə yaşamaq üçün daxili tələbatın formalaşmasına, onlarda şüurlu intizam, davranış mədəniyyəti, böyüklərə hörmət tərbiyəsi üzrə məktəbin həyatında fəal iştirak edir”

“Müəllim nüfuzunun artırılmasında, təlimə məsuliyyətli münasibət tərbiyəsində, məktəblilərin asudə vaxtının məzmunlu təşkilində məktəb və ailəyə kömək edir”

“Özünəxidmət vərdişlərinin inkişafına, yeniyetmələrin məktəbdə və ailədə əmək tərbiyəsinin və peşəyönümü işinin təşkilinə imkan yaradır”

“Məktəblilərin meyl və qabiliyyətlərini, valideynlərin arzularını nəzərə almaqla şagirdlərin təhsillərini başa çatdırmaq yollarını seçməkdə onlara kömək göstərir”

“Valideyn ictimaiyyətini məktəb həyatında fəal iştirak etməyə, onların sinifdənxaric və məktəbdənkənar işlərin təşkilinə cəlb etməyə, şagird özünüidarəsinin inkişafına kömək göstərir”

“Uşaqların tərbiyəsində valideynlərin məsuliyyətini artırır”

“Məktəbdə kitab fondunun zənginləşdirilməsinə kömək göstərir”

“Məktəblilərdə zərərli adətlərin, uşaq nəzarətsizliyinin, qanun pozuntusunun profilaktikası üzrə işlərdə iştirak edir”.

“Məktəblilərin sağlamlığının qorunması və möhkəmləndirilməsinə hər vasitə ilə qayğı göstərir”.

K. Əsədovun sözlərinə görə hal-hazırda çox məktəbdə “valideyn komitələri” adlı qurumlar fəaliyyət göstərir:

” Ancaq bu komitələrin böyük əksəriyyətinin fəaliyyəti xarici təcrübədən fərqli olaraq, şənlik, qonaqlıq və ad günü kimi tədbirləri təşkil etmək və ya keçirməkdən ibarətdir. Təəssüflər olsun ki, bu komitələr çox hallarda dərs və tədrislə bağlı problemlərdən daha çox, müəllim günü, şənlik və qonaqlıq kimi tədbirlərin təşkili məsələləri müzakirə olunur.
Amma xarici ölkələrdə valideyn komitələri və buna bənzər qurumlar əsasən şagirdlər üçün öyrədici və inkişaf etdirici tədbirlər həyata keçirirlər. Xüsusən də sağlamlıq imkanı məhdud olan şagirdlərin dərsə adaptasiyası üçün xidmətlər göstərirlər. Ancaq bizdə bu xidmət yalnız şənlik və qonaqlıq keçirməklə, daha dəqiq desək, pul yığmaqla məhdudlaşır”.

Təhsil eksperti Elçin Əfəndi isə Editor.az-a açıqlamasında bildirib ki, təəssüflər olsun ki, ölkəmizdə əksər məktəbdə müxtəlif adlarnan pul yığmaq adəti var:

” Bu gün məktəblərdə Valideyn-Müəllim Assosiasiyası  adından müxtəlif bəhanələrnən pullar yığılır.  Məktəb direktorlarının pul yığılmasını tələb edən səs yazısı ilə gündəmdə olan iki məsələ bu mövzunu daha da aktuallaşdırdı. Valideyn- Müəllim Assosiasiyaları bir çox məktəblərdə var və burada hər bir üzvdən bir manat məbləğində ödəniş haqqı yığılır. Amma  VMA-larının adından istifadə edən məktəb direktorları daha artıq məbləğdə pul yığırlar. Faktiki ölkəmizdə 4432 orta ümumi təhsil  müəssisəsi fəaliyyət göstərir və bu müəssisələrin təxminən 432-ni kənara qoysaq 4 minində mütləq müxtəlif adlarnan pullar yığılır. Bu təhsil müəssisələrində 1 milyon 590 minə yaxın ümumi şagird sayı var və hərəsindən 1 manat yığanda kifayət qədər məbləğ toplanır. Məktəb direktorları öz şagird kontingentindən pulları yığıb məktəblərin ehtiyacına deyil, öz cibinə qoyur”.

E. Əfəndi hesab edir ki, korrupsiyanın qarşısını almaq üçün QHT-lərin məktəblərə birbaşa girişi məhdudlaşdırılmalıdır:

“Yalnız Təhsil Nazirliyi və Təhsil İdarəsinin razılığı əsasında QHT-lər layihələrin həyata keçirilməsi ilə məşğul ola bilərlər. Digər hallarda isə QHT-lərin məktəblərə girişi tamamilə dayandırılmalıdır. Çünki bu, istənilən halda rüşvətxorluğun daha da geniş yayılmasına gətirib çıxaracaq. Digər tərəfdən hər bir məktəbdə bu məsələlərə nəzarətedici mexanizm yaradılmalıdır. Valideynlər üçün təklif və şikayətlərin yer aldığı  açıq qutu olmalıdır. Hər ay bu şikayətlərə ciddi baxılmalı və məktəblə bağlı ölçü götürülməlidir. Eyni zamanda, Təhsil Nazirliyi tərəfindən direktorların işə qəbulu şəffaf şəkildə keçirilməlidir. Kiminsə qohumu, tanış olan şəxslər direktor vəzifəsinə gətirilməsin. Məktəb direktorların böyük əksəriyyəti hansısa məmurun tanışı, qohumudur. Ona görə rahat şəkildə şagirdlərdən pul yığırlar. Bu məsələləri tənzimləmək üçün ilk növbədə birinci məktəb rəhbərliyinin özünün vicdanı olmalıdır, bu yoxdursa mütləq valideynlər məktəbə verdiyi hər pulun hesabatını aparmalıdır. Valideyn bunların hesabatını apararsa, müəyyən qədər belə neqativ halların qarşısını almaq olar. Valideynin məktəbə yardım etmək kimi borcu və öhdəliyi yoxdur. Məktəbdə müəllimlər müxtəlif adlarnan pul yığır və valideyn də övladına görə narahat olduğu üçün övladının qiymətinin kəsilməməsi üçün tələb edilən məbləğı məktəb rəhbərliyinə ödəyir. Valideyn yalnız övladı ödənişli əsaslarla  təhsil alırsa, məktəbə ödəniş etməlidir.  Digər hallarda valideyndən pul tələb olunursa, bu, qanunvericiliyin pozulmasıdır. Məbləğdən asılı  olaraq məktəb rəhbərliyi cinayət məsuliyyətinə cəlb olunmalıdır”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.