Vardanyan Qarabağda niyə mitinq təşkil edir? -Millət vəkili ŞƏRH EDİRbackend

Vardanyan Qarabağda niyə mitinq təşkil edir? –Millət vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan və Ermənistan arasında bir neçə beynəlxalq müstəvidə danışıqlar aparılır. Bunun da əsas məqsədi məlum olduğu kimi sülh müqaviləsinin imzalanmasıdır”.

Bu fikirləri Editor.az-a Milli Məclisin deputatı Arzu Nağıyev Qarabadakı separatçı-terrorçu rejimin sabiq “dövlət naziri” Ruben Vardanyanın sosial şəbəkə hesabından Qarabağdakı erməni icmasını aksiyalara çağırmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, İrəvanla danışıqlar rəsmi Bakının irəli sürdüyü beş baza prinsipi ətrafında aparılır:

“Ermənistan baş naziri Nikol Paşinyan ölkəmizin 86.6 min kvadratkilometr ərazisini birmənalı şəkildə tanıyır. Bu da o deməkdir ki, Qarabağı da Azərbaycan ərazisi kimi qəbul edir. Erməni baş bazir həm havadarları, həm də daxili auditoriya üçün bir neçə siyasi gedişlər də edir. Lakin hazırda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması çərçivəsində Qarabağdakı erməni icması ilə heç bir beynəlxalq status olmadan danışıqların aparılması gündəmdədir. Bu, bizim daxili işimizdir”.

Deputatın sözlərinə görə, sülh müqaviləsinin imzalanması istiqamətindəki fəaliyyətimiz  separatçılara ciddi təsir edir:

“Sabiq “dövlət naziri” Ruben Vardanyan və digəriləri qeyri-qanuni şəkildə ərazilərimizdə yerləşdiriliblər və oranı dərhal tərk etməlidirlər. Əslində rahatlıqla ərazilərimizi tərk edə də bilməzlər, çünki törətdikləri cinayətlərə görə cavab verməlidirlər. Vardanyanın bu çağırışı da bir daha göstərdi ki, separatçı rejim ilə Ermənistan rəhbərliyi arasında problemlər yaşanır. Çünki rəsmi İrəvanın rəhbərliyi Qarabağdakı proseslərin Azərbaycanın daxili işi olduğunu dəfələrlə vurğulayıb. Müxalif qüvvələr isə bunun əleyhinədir”.

A.Nağıyev qeyd edir ki, heç bir həqiqi statusu olmayan Ruben Vardanyanın bu gün yenidən peyda olaraq erməni icmasını hansısa mitinqlərə çağırması əvvəldən planlanmış məsələdir:

“Arayik Artunyan və tərəfdarları ilə daxildə də müəyyən problemlər yaşanır. Bir qismi Azərbaycanla reinteqrasiyanın lehinə, digəriləri isə əleyhinədir. Bu proseslərin kənar güclər vasitəsilə idarə olunması da istisna deyil. Bu kimi mitinqlərin hansısa effekt verəcəyi inandırıcı deyil. Ermənistan könüllü şəkildə problemlər həllini tapmasa rəsmi Bakının onu həll etmək istiqamətində hər cür resursu və imkanı var. Vardanyanlar, Artunyanlar və digəriləri ərazilərimizdə öz bildiklərini edə bilməz. Biz suverenliyimizi bərpa etmişik. Həmin separatçı rejimin də nümayəndələri torpaqlarımızdan çıxarılmalıdır. Bu kimi təxribatçı addımlar boş siyasi gedişdən başqa birşey deyil”.

//Safura Bənnayeva, Editor.az