“İctimai siyasətçi”, keçmiş “dövlət naziri” kimi təqdim edilən Ruben Vardanyan, Qarabağda ermənilərin gələcəyi üçün vacib olan istiqamətləri, bu istiqamətlərdə fəaliyyətini davam etdirəcəyi, özünün və rəhbəri olduğu “regional agentliyin” proqramlarını təqdim edib. Bu haqda Tert.am nəşri məlumat yayıb.
O qeyd edib ki, bu il “Qarabağ hərəkatının 35 ili tamam olur, lakin mübarizə davam edir. “Çoxları üçün mübarizə müharibədir, mübarizə – qurbandır”,- deyə separatçı milyarder bildirib.
Məsələni Editor.az-a şərh edən politoloq Elçin Mirzəbəyli bildirib ki, Azərbaycan qarşısında Ruben Vardanyanın ölkəmizdən çıxarılması kimi məqsəd və hədəf olmayıb:
“Burada olan separatçılar və digər şəxslər də təkcə ərazilərimizdən çıxarılmalı deyil, eyni zamanda, məsuliyyətə cəlb olunmalıdırlar. Məqsəd ondan ibarət idi ki, kənardan göndərilmiş bir şəxs özünü Qarabağda yaşayan ermənilərin təmsilçisi kimi təqdim etməkdən əl çəksin, faktiki olaraq təmas və dialoq prosesindən kənarda saxlanılsın. Çünki Ruben Vardanyanın missiyası və ritorikası bütövlükdə dialoq prosesinə mane olur, təhlükəsizliyə müəyyən təhdidlər yaradırdı. Bu kontekstdən Vardanyanın prosesdən kənarlaşdırılması məsələsi qarşıya qoyuldu”.
Politoloqun sözlərinə görə, müəyyən reallıqlar var ki, ona uyğun addımlar atırıq:
” Vaxtı gələndə Ruben Vardanyan və ölkəmizin ərazi bütövlüyünə qarşı təhdidlərlə çıxış edən şəxslər də törətdikləri əməllərə görə müvafiq qaydada ədalət məhkəməsinin qarşısında dayanacaqlar. Onun hansı davranışı sərgiləməsindən asılı olmayaraq mahiyyət etibarilə bundan sonra Ruben Vardanyan adlı bir şəxsin hər hansı siyasi prosesdə iştirakı effektiv nəticə verməyəcək. Müvafiq açıqlamalarda və səsləndirilən fikirlərdə Qarabağda yaşayan ermənilərin Vardanyana etimad göstərmədiyi özünü göstərir. Ermənistan ərazisində məskunlaşan separatçılar və müharibə cinayətkarlarının da onu açıq şəkildə müdafiə etməsi göstərir ki, o konkret olaraq hansı qrupun təmsilçisidir. Azərbaycan da məhz bu səbəblərə görə Vardanyanı hədəfə alır “.
E.Mirzəbəyli onu da qeyd edir ki, Rubenin separatçı hərəkatın 35 illiyinə aid fikirləri cəfəngiyyatdan başqa birşey deyil:
“Nəticə etibarilə separatçı hərəkatın sonu məlum oldu. Bu, çoxsaylı insanların ölümünə, qarşıdurmaların yaranmasına, qan tökülməsinə, vandalizm aktlarına gətirib çıxartdı. Özlərinin “hərəkat” adlandırdığı əslində isə terror prosesinə başlayan insanlar cinayət məsuliyyəti daşıyırlar. Bu prosesdə Vardanyanın və digərilərinin ənənəvi ritorikanı gündəmə gətirməsinin heç bir faydası olmayacaq. Çünki ortada mövcud olan reallıqlar və Azərbaycanın keçilməyən qırmızı xətti var”.
//Safura Bənnayeva, Editor.az