“Ruben Vardanyanın tutduğu qondarma “dövlət naziri” vəzifəsindən uzaqlaşdırılması bilavasitə Azərbaycanın tələbi ilə baş tutub”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Natiq Miri bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev qəti şəkildə Rusiyanın göndərdiyi bir adamla dövlətimizin heç vaxt danışıqlara getməyəcəyini bəyan edib:
“Ruben Vardanyan məsələsi rəsmi Moskvanın geosiyasi maraqlarına xidmət edən bir layihə idi, lakin bu da baş tutmadı. Ermənistanın da burada maraqları var. Ruben Vardanyanı qondarma “baş prokuror” Qurgen Nersisyan əvəz etdi. O da eynən Ermənistan baş naziri Nikol Paşinyan kimi Soros fondunun qrantlarını yeyən biridir. Yəni, həmin komandanın tərkib hissəsi olan Nersisyan Paşinyan hökumətinin maraqlarını separatçı rejimdə müdafiə edəcək. Ola bilsin ki, o, yeni bir şəxs kimi Azərbaycanla Qarabağ erməniləri arasındakı danışıqlarda nümayəndə ola bilər. Çünki onun haqqında Azərbaycan əsgərində hər hansı bir cinayət xarakterli məlumatlar mövcud deyil. Onun yeni sima olduğu üçün Qarabağ erməniləri ilə Azərbaycan dövlətinin danışıqlarında iştirak etmək ehtimalı da var. Bu isə Paşinyan hakimiyyətinin Qarabağda mövqelərinin möhkəmlənməsidir. Çünki Vardanyan Azərbaycanla paralel olaraq həm də Ermənistanın Qarabağdakı maraqlarına ciddi təhdid idi. Onlar da yaxşı bilirdi ki, bu layihə yalnız Qarabağla məhdudlaşmayacaq. Hansısa zaman çərçivəsində əgər Ermənistanda ictimai-siyasi vəziyyət dəyişər və gərginləşərsə, Vardanyanı Qarabağdan eynən Köçəryan kimi Ermənistana göndərəcəklər. Oradakı Rusiya yönümlü 5-ci kalonun dəstəyi ilə növbədənkənar seçkər keçirilərsə, prosesdə onu müdafiə edəcəkdilər. Plan bu idi. Planın birinci, yəni Qarabağla bağlı hissəsi baş tutmadı. Düşünürəm ki, Vardanyan özünün də bəyan etdiyi kimi Qarabağı tərk etməyəcək. Çünki onun hələ missiyası bitməyib. Əgər Rusiya Paşinyandan qisas almaq istəyərək Ermənistanda vəziyyəti istədiyi kimi gərginləşdirə bilərsə, onda Vardanyan Ermənistana transfer oluna bilər”.
//Safura Bənnayeva, Editor.az

