Vaşinqton danışıqları: Sülh müqaviləsi İMZALANIR?- Millət vəkilindən AÇIQLAMAbackend

Vaşinqton danışıqları: Sülh müqaviləsi İMZALANIR?- Millət vəkilindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tarixi bir gün yaşayırıq. Vaşinqton danışıqları çərçivəsində Azərbaycan və Ermənistan dövlət başçılarının görüşündə əldə olunan razılaşmalar sülh müqaviləsinin imzalanacağına ümid verir. Mətbuata sızan ilkin məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü tələblər imzalanacaq sənəddə öz əksini tapacaq”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəmməliyev deyib.

O bildirib ki, razılaşmaya əsasən, ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı Ermənistan və Azərbaycan birlikdə Təşkilatın baş katibinə müraciət ünvanlayacaqlar:

“Ermənistanda Konstitusiya dəyişikləri ilə bağlı referendum keçiriləcək. Zəngəzur dəhlizi ABŞ-ın nəzarətinə veriləcək, regiondakı bütün kommunikasiya xətləri açılacaq. Regionun təhlükəsizliyi baxımından dəhlizə nəzarətin Amerika şirkətinə həvalə olunması son dərəcə mühüm əhəmiyyət daşıyır.

Bundan əlavə, 33 il əvvəl ABŞ Konqresi tərəfindən Azərbaycana dövlət yardımını qadağan edən 907-ci maddə ləğv ediləcək. Paralel olaraq, SOCAR ilə “ExxonMobil” şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu sənəd təkcə iqtisadi deyil, həm də siyasi baxımdan əhəmiyyətlidir”.

Onun sözlərinə görə, bütün bu nailiyyətlər, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu diplomatiyanın növbəti qələbəsidir:

“Bu gün tam əminliklə deyə bilərik ki, ölkəmiz tarixinin ən güclü, xalqımız isə ən şərəfli dövrünü yaşayır. Vaşinqton danışıqları şübhəsiz ki, Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiyanın formalaşmasına səbəb olacaq. 44 günlük müharibədən sonra Azərbaycanın yaratdığı reallıqlar məntiqi sonluğa çatmalı idi. Azərbaycanın regiondakı liderliyi və beynəlxalq münasibətlər sistemindəki yeri dünya gücləri tərəfindən qəbul edilib.

Gələcəkdə hansı aktorların ön plana çıxacağı məsələsinə gəlincə, istənilən şəraitdə Azərbaycan milli və dövlət maraqlarını qoruyacaq, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, qarşılıqlı hörmət və etimada söykənən siyasət yürüdəcək”.

//Gülnarə Abasova, Editor.az