Vaşinqton danışıqlarından müsbət xəbərlər GÖZLƏNİLİR: “Artıq Paşinyan bildirir ki…”backend

Vaşinqton danışıqlarından müsbət xəbərlər GÖZLƏNİLİR: “Artıq Paşinyan bildirir ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk vaxtlardan Azərbaycanla dil tapmağa çalışıb. Ancaq bir tərəfdən daxili-ictimai rəy, digər tərəfdən isə Ermənistanın aslı olduğu qüvvələr ona təzyiq edərək buna imkan verməyiblər. Rusiya, Fransa kimi havadarları hər zaman açıq şəkildə İrəvanı qızışdırıb. Digər tərəfdən başda ABŞ olmaqla, xaricdəki erməni diasporu Paşinyana hər zaman problemlər yaradıb”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.


Siyasi analitik hesab edir ki, erməni baş nazir bir çox qüvvələrin təhdidi ilə Azərbaycanla müharibəyə girib:

“Müharibənin nəticəsi isə nəyin nə olduğunu erməni və onun havadarlarına göstərdi. Bu baxımdan erməni baş nazir bir tərəfdən daxili ictimai rəyə işləməyə, digər tərəfdən isə reallıqlardan çıxış etməyə məcburdur. Paşinyan bəzən ikibaşlı açıqlamalar versə də başa düşür ki, Azərbaycan və Türkiyə ilə razılaşmadan heç bir problemini həll edə bilməyəcək. Təsadüfi deyil ki, son günlərdə Paşinyan Ermənistanın qonşu dövlətlərə ərazi iddialarından imtina etməsə problemlərinin həll olmayacağını tez-tez dilə gətirir. Məlumdur ki, Ermənistanın həm Türkiyə, Gürcüstan, həm də Azərbaycana qarşı ərazi iddiası var. Bu iddialarından əl çəkməyincə rahatlıq tapa bilməyəcəklərini artıq açıq şəkildə bildirirlər. Ermənilərin də böyük əksəriyyəti Paşinyanın tərəfindədir. Son seçkidə ona verilən səslər də bunu təsdiqləyir. Ümid edirəm ki, Azərbaycanla Ermənistan arasında yaxın vaxtlarda sülh müqaviləsi bağlanacaq. Artıq bir neçə gündür, ABŞ-ın vasitəçiliyi ilə iki ölkə arasında Vaşinqtonda aparılan danışıqlardan da müsbət xəbərlər gözlənilir”.

//Gülnarə Abasova, Editor.az