Editor.az politoloq Oqtay Qasımovla müsahibəsini təqdim edir:
-Oqtay bəy, Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında görüş baş tutub və bir neçə məsələ gündəliyə çıxarılıb. Sizcə, Vaşinqton görüşünün tərəflər üçün əhəmiyyəti nədən ibarətdir?
-Amerika Birləşmiş Ştatları artıq bir ildir ki, Cənubi Qafqazda fəallaşıb. Azərbaycan və Ermənistan arasında normallaşma prosesində aktiv vasitəçilərdən birinə çevrilib. Məhz ABŞ-ın təşəbbüsü ilə keçən ilin yayında Tiflisdə Azərbaycan-Ermənistan XİN rəhbərlərinin birbaşa görüşü baş tutdu. Sentyabr, noyabr aylarında Entoni Blinkenin vasitəçiliyi ilə bu görüş yenidən reallaşdı. Bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransında yenə ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü keçirildi. Bundan sonra verilən açıqlamalardan aydın oldu ki, prosesdə müəyyən qədər irəliləyişlər var. Xüsusən də ABŞ -ın davamlı şəkildə prosesi nəzarətdə saxlamaq və onu irəliyə aparmaq üçün göstərdiyi təşəbbüslər təqdirəlayiqdir. Məhz bu səbəbdən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov fransalı həmkarı ilə görüşündə Amerikanın Ermənistanı danışıqlar masasına qaytardığı üçün təşəkkür etdi. İlkin yayılan məlumatlara görə, Vaşinqton görüşündə sülh müqaviləsinin imzalanması və fikir ayrılıqlarının aradan qaldırılması üçün müəyyən bir yol xəritəsinin hazırlanması düşünülür. Bu səbəbdən tərəflər, o cümlədən ABŞ bu görüşlərdə geniş tərkibli heyətlərlə təmsil olunacaqlar. Bu o deməkdir ki, Amerika proseslərin irəliyə aparılmasında maraqlı və israrlıdır. Eyni zamanda, müəyyən tarixi təcrübəyə də malikdir. 1970-ci illərin sonunda ABŞ-ın vasitəçiliyi ilə İsrail və Misir arasında çox illik münaqişəyə son qoyuldu. Kemp Deviddə sülh müqaviləsinin imzalanması ilə normallaşma prosesi başlandı. Bunun ardınca 1990-cı illərdə Yuqoslaviyada baş verən Balkan savaşı zamanı ABŞ təşəbbüs göstərdi. Hazırkı prosesdə də yayılan məlumatlara görə, Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə görüşün bir neçə gün davam edəcəyi və sülh müqaviləsi üzərində ciddi şəkildə iş aparılacağı ilə bağlı anonslar verilib. Bu görüşlər saatlarla, günlərlə davam edə bilər. Görünür, ABŞ təşəbbüsü ələ keçirmək istəyir. Bu isə onun bölgədə güclənməsinə, o cümlədən, sülh yaradıcı tərəf kimi beynəlxalq nüfuzunun artmasına xidmət edə bilər. Eyni zamanda, nəzərə almaq lazımdır ki, ABŞ-da gələn il prezident seçkiləri keçiriləcək. Hazırda hakimiyyətdə olan komanda seçkilərdə balansla iştirak etmək istəyir. Tərəflər arasında müəyyən razılaşma əldə edilərsə, bu onların balansına yazılacaq.
-Bəs, Ermənistanın məsələyə münasibətini nəzərə alsaq, müəyyən nəticə əldə edilməsi mümkündür?
– Düşünürəm ki, Amerika prosesdə israrlı davranaraq Ermənistanı masada əyləşdirərsə, onda müəyyən nəticə əldə etmək olar. Amma hazırda qalıcı nəticə əldə etmək üçün müəyyən zamana ehtiyac var. Bu, həm Ermənistan hakimiyyətinin davranışı, həm də cəmiyyətin və revanşist qüvvələrin, erməni kilsəsinin prosesə neqativ münasibətindən qaynaqlanır. Ermənistan hakimiyyətini qorumaq üçün öz cəmiyyətində mövcud olan əhval-ruhiyyədən istifadə edərək prosesi uzatmağa çalışır. Buna görə də ABŞ-ın rəsmi İrəvana təzyiqlərinə ciddi şəkildə ehtiyac var. Hesab edirəm ki, Vaşinqton xüsusi siyasi iradə nümayiş etdirərək prosesi irəliyə aparmaq istəsə, müəyyən nəticələrə gəlmək mümkündür.
-“Münasibətlərin normallaşdırılması haqqında saziş” sənədi üzrə danışıqların başladığı qeyd edilib. Sizcə, bu danışıqlar effektiv nəticə verəcəkmi?
– Əlbəttə, iki tərəf arasında münasibətlərin normallaşması uzun zaman aparacaq. Əsas olan isə bu istiqamətdə ilk addımın atılmasıdır. Ermənistan tarixən də atdığı imzaya hörmət etməyən bir ölkə kimi tanınır. Hər zaman beynəlxalq hüququ heçə sayıb. İki toplum arasında düşmənçilik son 35 ilə dayanmır. Bunun tarixi müəyyən dövrü əhatə edir. Xüsusilə də XX əsrin əvvəllərində erməni terrorçuları tərəfindən Azərbaycanın dinc əhalisinə hazırkı Ermənistan adlanan Qərbi Azərbaycan ərazilərində, Zəngəzur, Göyçə, İrəva, Zəngibasarda və digər ərazilərdə kütləvi qətliamlar, etnik təmizləmə siyasəti aparılıb. Bu düşmənçiliyin aradan qaldırılması üçün müəyyən addımların atılmasına ehtiyac var. Çünki Güney Qafqazda ermənilər öz mövcudluğunu qoruyub saxlamaq, bölgədə sülhün olmasını istəyirlərsə, Azərbaycanla sülh şəraitində yaşamaq yolunu seçməlidirlər. Bu açığı ağır və mürəkkəb proses olacaq, amma hər halda bölgədə əmin-amanlığın xatirinə bu addımlara ehtiyac var. Çünki iki toplum arasında sülh mümkün olmasa, ziddiyyətlər tədricən aradan götürülməsə, bölgədə sabitlikdən danışmaq çətin olar.
-Oqtay bəy, məlumdur ki, Azərbaycan-Ermənistan arasında vasitəçilikdə rəsmi Moskva da olduqca maraqlıdır. Sizcə, Vaşinqton görüşündə ciddi nəticə əldə edilərsə, Rusiyanın təxribat törətməsi mümkündür?
-Mümkün variantdır. Tarixə nəzər yetirsək, 24 il əvvəl 1999-cu ildə Qərbin istəyi ilə Azərbaycan və Ermənistan arasında sülhə xeyli dərəcədə yaxınlaşılmışdı. O zaman belə bir gözlənti var idi ki, ATƏT-in İstanbul Zirvə toplantısında Azərbaycanla Ermənistan rəhbərləri bir araya gələrək sülh müqaviləsi ilə bağlı danışıqlar apara, hətta sülh müqaviləsi imzalana bilər. Yayılan məlumatlarda da tərəflər arasında ciddi razılaşmaların mövcud olduğu qeyd edilir. Həmin dövrdə Rusiya yenə də oyundan kənar qaldığını hiss edərək Ermənistanda ciddi bir təxribata başladı. Rəsmi İrəvanın parlamentində terror hadisəsi baş verdi. Baş naziri, parlament sədri daxil olmaqla, 11 nəfər qətlə yetirildi. Bununla da proses durduruldu. Hazırda Rusiyanın Ermənistanda prosesi əngəlləmək, hansısa təxribatlar törətmək baxımından kifayət qədər potensialı var. Ermənistan hərbi elitasının əksəriyyəti, siyasi elitasının mühüm hissəsi Rusiya ilə bağlıdır. Bununla paralel erməni diasporası tərəfindən dəstəklənən qüvvələr var. Ən vacibi isə erməni kilsəsi də prosesin əleyhinədir. Bu səbəbdən son dövrlər erməni kilsəsi ilə Ermənistan hakimiyyəti arasında kifayət qədər gərginlik mövcuddur. Moskva prosesi əngəlləmək üçün əlindəki imkanlardan istifadə etməyə çalışacaq.
//Safura Bənnayeva, Editor.az