Azərbaycan və Ermənistan arasında uzun illərdir davam edən gərginlik fonunda Vaşinqtonda keçirilmiş görüş regionda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Görüşdən sonra tərəflər arasında birbaşa dialoqun formalaşması və müəyyən məsələlərin gizli kanallar vasitəsilə müzakirə olunması diqqət çəkir. Ekspertlərə görə, bu proseslərin konfidensial aparılması həm daxili, həm də regional təzyiqlərin qarşısını almağa hesablanıb.
Siyasi analitik Samir Hümbətov Editor.az-a açıqlamasında bildirib ki, artıq dialoq mühiti yaranıb və müəyyən nəticələr görünməkdədir:

“Bir müddət öncə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı oldu. Onlar sülh danışıqları ətrafında məsələləri müzakirə etdilər. Hesab edirəm ki, sülhlə bağlı ciddi danışıqlar gedir. Əslində bu müzakirələrin daha çox konfidensial aparılmasının səbəbi tərəflərə qarşı ciddi təzyiqlərin olmasıdır”.
Ekspertin sözlərinə görə, Moskva, Tehran və digər güclərin prosesə soyuq münasibəti nəzərə alınaraq, danışıqlar ictimaiyyət qarşısında açıq şəkildə aparılmır:
“Rusiya və İranın bu prosesə isti baxmadığı açıq bəllidir. Buna görə də tərəflər gedişatı ictimaiyyətə çox açıq etməməyə çalışır. Bu, həm də onlar üçün prosesləri daha rahat irəli aparmaq üçün bir üsuldur. Atılan bütün addımlar yekunda veriləcək qərarlara bağlıdır”.
Beləliklə, Vaşinqton danışıqları Cənubi Qafqazda sülh gündəliyinin hərəkətə keçməsi üçün yeni imkanlar açsa da, tərəflərin qarşılaşdığı təzyiqlər bu prosesin hələ də ehtiyatla və qapalı kanallarla aparılmasını şərtləndirir.
//Gülnarə Abasova, Editor.az

