ABŞ-ın Ukrayna müharibəsinə yanaşması qlobal geosiyasi balans və regional təhlükəsizlik baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu məsələdə Vaşinqtonun mövqeyi yalnız beynəlxalq münasibətlər sisteminə deyil, həm də ABŞ daxilində siyasi qüvvələr arasında rəqabətin istiqamətinə ciddi təsir göstərir. Xüsusilə son dövrlərdə səsləndirilən bəyanatlar göstərir ki, Ukrayna məsələsi artıq təkcə xarici siyasət mövzusu deyil, eyni zamanda daxili siyasi mübarizənin əsas alətlərindən birinə çevrilib.
Siyasi analitik Aydın Quliyev Editor.az-a bildirib ki, Donald Tramp hakimiyyətə gəldiyi ilk gündən etibarən Ukrayna ilə bağlı fərqli siyasi kurs və yanaşma sərgilədiyini açıq şəkildə nümayiş etdirir:

“Tramp Ukraynada Rusiya ilə kəskin qarşıdurmaya getmək tərəfdarı deyil. Əksinə, o, Ukraynanın ərazi və resurs imkanları fonunda Rusiya ilə müəyyən razılaşmalar əldə etməyə çalışır. Trampın əsas məqsədlərindən biri Ukrayna məsələsində Rusiya ilə mümkün anlaşmaya Avropa ölkələrini də cəlb etmək və bu prosesdə özünü vahid lider kimi təqdim etməkdir.
Lakin Avropa ölkələri paralel olaraq daha müstəqil siyasət yürütməyə başlayıblar və Ukraynaya dəstək kursunu dəyişmədən davam etdirirlər. Bu səbəbdən Tramp həm Avropa dövlətlərindən, həm də NATO-nun digər üzvlərindən Ukrayna məsələsində fərqli mövqe nümayiş etdirir və hazırda daha çox Rusiyanın maraqlarını nəzərə alan yanaşma ilə çıxış edir.
Tramp üçün prioritet məsələlərdən biri də Ukraynada Rusiya ilə qarşıdurmadan yayınaraq ABŞ-ın digər regionlardakı maraqlarına fokuslanmaqdır. Bu kontekstdə İran, Venesuela və digər bölgələrdə Vaşinqtonun qarşısında duran strateji hədəflər ön plana çəkilir. Xüsusilə enerji resursları və geosiyasi təsir imkanları baxımından bu regionlara maraq artmaqdadır”.
Onun sözlərinə görə, bu yanaşma fonunda Trampın diqqətinin digər bölgələrə yönəlməsi Ukrayna məsələsində Rusiya ilə Avropa İttifaqı arasında ziddiyyətlərin daha da dərinləşəcəyini göstərir:
“Eyni zamanda Tramp Ukrayna müharibəsi ilə bağlı məsuliyyəti tam şəkildə özündən əvvəlki Co Bayden administrasiyasının üzərinə yönəltməyə çalışır. Beləliklə, o, iki əsas məqsəd güdür: bir tərəfdən ABŞ-ı Ukrayna münaqişəsindən uzaqlaşdırmaq və bu qarşıdurmada birbaşa tərəf olmamaq, digər tərəfdən isə Avropa İttifaqını ya Rusiya ilə təkbətək vəziyyətdə qoymaq, ya da onu ABŞ-ın təsiri altında saxlamaq.
Digər mühüm məqam isə daxili siyasi mübarizə ilə bağlıdır. Tramp Ukrayna mövzusundan istifadə edərək əsas rəqibləri olan demokratları və Bayden administrasiyasını tənqid hədəfinə çevirir. O, demək olar ki, bütün çıxışlarında bu müharibənin ABŞ-ın deyil, məhz əvvəlki administrasiyanın yanlış siyasətinin nəticəsi olduğunu vurğulayır.
Yaxın dövrdə bu məsələ ətrafında ABŞ daxilində siyasi debatlar daha da kəskinləşəcək. Demokratlar da Trampın xarici siyasətdəki addımlarını tənqid edərək bunu seçki öncəsi siyasi üstünlük əldə etmək üçün fürsət kimi dəyərləndirirlər. Bu isə Ukrayna mövzusunun ABŞ-da həm daxili, həm də xarici siyasətin əsas müzakirə istiqamətlərindən biri olaraq qalacağını göstərir”.
//Gülnarə Abasova, Editor.az

