Vaşinqton kursunu dəyişir?- ABŞ Azərbaycanla əlaqələri yenidən aktivləşdirirbackend

Vaşinqton kursunu dəyişir?- ABŞ Azərbaycanla əlaqələri yenidən aktivləşdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrlərdə Azərbaycanla ABŞ arasında siyasi dialoqun intensivləşməsi və praktiki əməkdaşlıq mexanizmlərinin yenidən işə salınması ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Enerji təhlükəsizliyi, regional nəqliyyat-logistika marşrutları və iqtisadi sərmayələr kimi strateji sahələrdə əməkdaşlığın gündəmə gətirilməsi Bakının regional və qlobal əhəmiyyətinin Vaşinqton tərəfindən nəzərə alındığını göstərir.

Bu kontekstdə Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə olunub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) Yaxın Şərq, Şimali Afrika, Avropa və Avrasiya regionları üzrə regional direktoru Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Milli Məclisin deputatı Azər Badamov Editor.az-a açıqlamasında bildirib ki, 2025-ci il avqustun 8-də Azərbaycan və ABŞ prezidentlərinin Vaşinqtonda baş tutan görüşündən sonra ikitərəfli münasibətlərdə yeni səhifə açılıb:

“Bayden–Blinken administrasiyası dövründə ABŞ–Azərbaycan münasibətləri tarixən ən aşağı səviyyələrdən birinə enmişdi ki, bu da Vaşinqtonun Azərbaycana qarşı qərəzli və ikili standartlara əsaslanan yanaşması ilə bağlı idi. Lakin Donald Trampın yenidən prezident seçilməsindən sonra ABŞ-ın Azərbaycan və bütövlükdə regionla bağlı siyasətində dəyişikliklər baş verib və bu yanaşma daha çox reallıq və obyektivlik üzərində qurulmağa başlayıb. Vaşinqtonda keçirilən yüksək səviyyəli görüş zamanı Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün müvafiq komissiyalara tapşırıqlar verilib. Son beş ay ərzində tərəflər arasında qarşılıqlı səfərlərin intensivləşməsi və əməkdaşlıq imkanlarının konkret istiqamətlər üzrə müzakirə olunması bu prosesin praktik nəticəsidir”.

Azər Badamov vurğulayıb ki, ABŞ Ticarət və İnkişaf Agentliyinin regional direktoru Karl Kressin Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüşü və enerji, ticarət, TRIPP marşrutu, iqtisadi sərmayələr kimi strateji sahələrdə əməkdaşlığın müzakirəsi xüsusi əhəmiyyət daşıyır:

“Hazırda Azərbaycan–ABŞ münasibətləri yenidən inkişaf mərhələsindədir və bu mərhələdə qarşılıqlı sərmayələrin təşviqi, ticarət-iqtisadi əlaqələrin bərpası və mövcud potensialın aktivləşdirilməsi əsas prioritetlərdəndir. Eyni zamanda, Azərbaycan yüksək texnologiyalar və süni intellekt sahəsində əməkdaşlığa böyük maraq göstərir.

İkitərəfli əməkdaşlıq üçün imkanlar kifayət qədər genişdir və bu tip görüşlərin müntəzəm xarakter alması yaxın perspektivdə Azərbaycan–ABŞ münasibətlərində konkret və müsbət nəticələrin əldə olunmasına zəmin yaradacaq”.

//Gülnarə Abasova, Editor.az