Moskva ilə Tehranın qarşılıqlı fəaliyyəti Rusiya-Amerika münasibətlərinin intensivliyi ilə bağlı deyil.
Editor.az bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, jurnalistin ABŞ prezidenti Donald Trampın Rusiyanın İranla əməkdaşlığına son qoymaq istəməsi barədə Kremlin mövqeyi ilə bağlı sualına belə cavab verib.
Peskovun sözlərinə görə, Moskva Tehranla tərəfdaşlığını yüksək qiymətləndirir və onu gücləndirmək, o cümlədən İranın nüvə proqramı ilə bağlı məsələlərin həllinə kömək etmək niyyətindədir: “Moskva ilə Tehran arasında əməkdaşlıq prosesi Rusiya-Amerika münasibətlərinin istiqaməti ilə bağlı deyil”.
Mətbuat katibi qeyd edib ki, Vladimir Putin və Donald Tramp telefon danışığında digər məsələlərlə yanaşı, İranın nüvə proqramını müzakirə ediblər. Lakin Dmitri Peskovun sözlərinə görə, dialoqun əsas mövzularından biri Rusiya-Amerika münasibətlərinin yaxşılaşdırılması olub.
Xatırladaq ki, bu gün, fevralın 18-də Ər-Riyadda Rusiya və Amerika nümayəndə heyətlərinin görüşü baş tutacaq.
//Samir Qurbanov, Editor.az