Pentaqon “Patriot” hava hücumundan müdafiə sistemləri üçün yeni tutucu raketlərin yaradılması planlarından imtina etmək qərarına gəlib.
Editor.az xəbər verir ki, bunu ABŞ ordusunun general-mayoru Frank Lozano “Defence News”a müsahibəsində deyib. Onun sözlərinə görə, ABŞ ordusu çox baha olduğu üçün yeni nəsil tutucu raketlərin hazırlanması proqramı hazırlamayacaq. Buna görə də ABŞ Müdafiə Nazirliyi xidmətdə olan PAC-3 MSE zenit-raket kompleksinin modernləşdirilməsini davam etdirmək qərarına gəlib.
Lozano qeyd edib ki, Pentaqon döyüş meydanını daha effektiv idarə etmək üçün Patriot sistemləri və THAAD raketdən müdafiə sistemlərinin inteqrasiyasına diqqət yetirməyi planlaşdırır. Sentyabrda Estoniyanın müdafiə naziri Hanno Pevkur Şimali Atlantika Alyansı dövlətlərinin raketdən müdafiə sistemlərində “ciddi qüsurların” olduğunu bildirib.
//Gülnarə Abasova, Editor.az

