“ABŞ rəsmilərinin zaman-zaman ermənipərəst mövqe sərgiləmələrinin, Azərbaycana qarşı ədalətsiz və qərəzli yanaşmalarının şahidi olmuşuq”.
Bu fikirləri Editor.az-a Hüquqi və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Frenk Pellonun aprelin 11-dəki insidenti Azərbaycan silahlı qüvvələrinin Ermənistana qarşı növbəti mənasız təxribatı kimi qiymətləndirməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ABŞ rəsmisinin bu mövqeyi erməni diaspor və lobbisinin təsirindən qaynaqlanır:
“Bunu açıq şəkildə etiraf edən şəxslər də var. Avropa Parlamenti daxilində bu kimi hadisələr baş verirsə, digər ölkələrin də eyni ədalətsiz mövqeyi ilə rastlaşa bilərik. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbərinin belə yanaşma nümayiş etdirməsi ya regionda baş verən hadisələrdən xəbərsiz olduqlarından, ya da erməni diasporunun təsiri altında olmasından xəbər verir. Bir müddət əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin Ermənistana səfəri və sərgilədiyi münasibət də buna nümunədir”.
Politoloq hesab edir ki, ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində vasitəçilik missiyası sual altındadır:
“Çünki iki ölkədə arasında vasitəçilik etmək istəyən dövlətlər əvvəlcə məsələyə ədalətli yanaşmalı, neytral mövqe ortaya qoymalıdır. Bu gün Vaşinqton dünyada mövcud olan müxtəlif regionlardakı münaqişələri alovlandırmaqda maraqlıdır. Cənubi Qafqazda baş verən proseslər dünyanın diqqətindədir. Tutduqları mövqedən geri çəkilməsələr tərəflər arasında heç bir vasitəçilik hüququna sahib ola bilməyəcəklər “.
//Safura Bənnayeva, Editor.az

