Vaşinqtonun yeni xətti: Avropa İttifaqı parçalanırmı?backend

Vaşinqtonun yeni xətti: Avropa İttifaqı parçalanırmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqtonun qəbul etdiyi yeni təhlükəsizlik strategiyası transatlantik münasibətlərdə mövcud balansın dəyişə biləcəyinə işarə edir. Xüsusilə ABŞ-nin bəzi Avropa ölkələri ilə Avropa İttifaqından kənar, daha sıx əməkdaşlıq modeli qurmaq niyyəti Aİ daxilində parçalanma risklərini və gələcək geosiyasi ssenariləri gündəmə gətirir.

Politoloq İlyas Hüseynov Editor.az-a açıqlamasında bildirib ki, ABŞ-də qəbul edilən yeni təhlükəsizlik strategiyası bir sıra mühüm məqamları ilə diqqət çəkir və İtaliya, Macarıstan, Avstriya və Polşanın Avropa İttifaqından kənarlaşdırılaraq ABŞ ilə daha yaxın əməkdaşlığa cəlb edilməsi tamamilə yeni siyasi mənzərə formalaşdırır:

“Bu yanaşma vaxtilə amerikalı strateq Zbiqnef Bjezinskinin SSRİ daxilində ayrı-ayrı dövlətlərlə daha sıx əməkdaşlıq etməklə ABŞ maraqlarını təmin etmək strategiyasını xatırladır. Zbiqnef Bjezinski bir zamanlar SSRİ daxilində müəyyən dövlətlərlə daha sıx işləməyi tövsiyə edirdi və bu əməkdaşlıq çərçivəsində ABŞ-nin maraqlarının qorunmasına çalışırdı. Bu gün həmin siyasi xəttin fərqli formada tətbiq olunmaq istədiyini müşahidə edirik”.

Politoloq qeyd edib ki, seçilmiş ölkələrin hazırkı siyasi elitası və ideoloji yönümü ABŞ-nin bu strategiyasının təsadüfi olmadığını göstərir:

“Bu dövlətlərin rəhbərliyinə və onların sadiq olduğu siyasi cərəyanlara baxdıqda mənzərə aydın olur. Daha çox sağyönlü, mühafizəkar, Avropanın üzləşdiyi çağırışları və mövcud dəyərlər sistemini tənqid edən siyasi qüvvələr ABŞ-nin maraq dairəsinə cəlb edilir”.

İlyas Hüseynovun fikrincə, həmin ölkələrin Vaşinqtona daha da yaxınlaşdırılması və ABŞ-nin geosiyasi orbitində saxlanılması cəhdləri Avropa İttifaqından uzaqlaşdırılma niyyətinin açıq göstəricisidir:

“Əgər bu gün bu dövlətləri Avropa İttifaqından ayırmaq və ABŞ-yə yaxınlaşdırmaq niyyəti açıq şəkildə ifadə olunursa, bu, gələcəkdə Avropa İttifaqının zəifləməsi və tənəzzülü anlamına gələ bilər. Bu cür fraqmentasiya Aİ üçün ciddi xəbərdarlıq siqnalı olmalıdır”.

//Gülnarə Abasova, Editor.az