“Xırda detallar qaralama olsa belə, əsas məsələlər son versiya olmaqla sülh mətni mövcuddur. Bununla əlaqədar olaraq heç kim yox, məhz Azərbaycan tərəfi bir paket irəli sürüb. Mətn anlayışı isə plan anlayışından tamamilə fərqlidir. Bir müddət əvvəl də gah Vaşinqton planı, gah Brüssel formatı ortaya atmışdılar. Burada söz oyununa ehtiyac yoxdur. Lap elə tutaq ki, hansısa bir format var, onda Vaşinqton ayrı, Brüssel ayrı, Moskva da ayrı olacaq? Qərbin özündə belə bu məsələdə də yenə haçalanma gedəcək. Söhbət əgər qütblərin savaşından gedirsə, bütövlükdə olardı Moskva vs ABŞ formatı. Yəni, bu cür haçalanmaların hamısı danışıqları dalana dirəmək, nəticəni öz lehinə yubatmaqdır. Bu da fərqli qütblərdən gələn məlumatların İrəvana ötürülməsi, İrəvandan bəlli dairələrə, mərkəzlərə gedən məlumatlar əsasında formalaşır”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
Onun sözlərinə görə, vasitəçilik haqqında canfəşanlıq təbii olaraq Azərbaycan tərəfindən yox, ABŞ-dan, Brüsseldən gəlir:
” Ermənistana da ən çox bu təzyiqlər təsir edir. Cənab Prezident İlham Əliyev ADA Universitetində keçirilən ən son tədbirdə ən sadə və bəsit formada aydın etdi ki, Brüsselin əlində konkret nəsə varsa, görüşə getmək olar. Zənnimcə, ABŞ-ın Azərbaycana mövqeyi, münasibəti konkret, davamlı ya da sistematik deyil. Əsas amal Rusiyanın sıxışdırılmasıdır ki, zaman-zaman buna şərait yaranan kimi, burda hansısa bir boşluq sezilən kimi situativ reaksiyalar verir.
Ukrayna kimi tranzit ölkə ilə Rusiya arasında düşmənçilik davam edərkən mayeləşdirilmiş təbii qazla daha bir bazar genişləndirmək ambisiyasında maraqlı olan ABŞ Avropa İttifaqının Cənubi Qafqazda nüfuzunun artmasını istəmir. İttifaq isə enerji münasibətlərində də yaranan yaxınlıqdan istifadə edərək məhz Brüsselin vasitəçiliyində maraqlıdır.
Düşünürəm ki, hər bir halda dövlət qurumları arasında danışıqlar dinamik gedir. Burada əsasən regional aktorları nəzərdə tuturam. Bu da vasitəçi olmaq istəyən tərəfləri narahat edir. Bu səbəbdən o da məlum məsələdir ki, İttifaq dövlət qurumlarına təsir göstərə bilmədiyindən daha çox ictimai sektoru, onun fəallarını ələ alır. Bu, onların ənənəvi dəst-xəttidir. “Erməni layihəsi” ictimai təşkilatının rəhbəri Sergey Melkonyan da istisna deyil. Onu danışdıran müəyyən şirnikləndirici qrantlardır. İstər Ermənistan dövləti olsun, istər institutlar, istərsə də individual qaydada fəallar anlamalıdır ki, istənilən vasitəçi istənilən məsələdə öz marağını, payını güdəcək. Vasitəçilərsiz danışıqlarda isə riyazi hesablamalar minimum iştirakçılar üçün daha məqbuldur. Melkonyanın məqsədi rəsmi Bakının vasitəçilərsiz formaya üstünlük verməsini Ermənistana təzyiq etməyin daha asan olması ilə əlaqələndirməsi və bunu cəmiyyətə bu cür çatdırması cəmiyyətdə xof yaratmaqdan ibarətdir. Bu da ona xidmət edir ki, ümid guya altdan hakimiyyətə gələn Paşinyanın rəhbərlərindədir”.
//Gülnarə Abasova, Editor.az

