“Ermənistan Baş Nazirinin Türkiyə Prezidentinin andiçmə mərasiminə dəvət olunması və Paşinyanın orada iştirak etməsini iki dövlət arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində atılan müsbət addım kimi qiymətləndirilir”.
Bu fikri Editor.az–a Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov Ermənistanın baş naziri Nikol Paşinyanın üçüncü dəfə prezident seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Türkiyəyə səfərinin iki ölkə arasındakı qeyri-sabit münasibətlərin normallaşmasına necə təsir edəcəyi ilə bağlı şərhində deyib.

Politoloq bildirib ki, Ermənistan həm Türkiyə, həm də Azərbaycanla yaxınlaşmaq üçün qarşıya çıxan bütün fürsətlərdən bəhrələnməyə çalışır:
” Qeyd olunan hadisə düşünürəm Ki Nikol Paşinyana belə bir imkandan istifadə etməyi saxladı. Baxmayaraq ki, Paşinyanın bu addımı olduqca cəsarətli addım idi və Ermənistanda onun bu hərəkətini təqdir edənlərlə yanaşı istəməyənlər də yetərincədir. Ermənistandakı indiki iqtidar bundan sonra da belə tədbirləri cavabsız buraxmayacaq. Çünki Ermənistanın Baş Naziri artıq çoxdan qəbul etdiyi həqiqəti reallaşdırmaq istəyir. Bu da Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin inkişaf etdirməkdən başqa alternativinin olmamasıdır.
Hesab edirəm ki, bu istiqamətdə addımlar daha da intensivləşəcək və buna paralel olaraq sülh müqaviləsi sahəsində görüşlər davam etdiriləcək. Son nəticədə Türkiyə – Ermənistan və Azərbaycan-Ermənistan müzakirələri üçüncü dövlətin iştirakı olmadan davam etdiriləcək. Düşünürəm ki, ABŞ və Qərbin də istədiyi elə bundan ibarətdir. Vasitəçisiz danışıqlar nə qədər tez başlasa, qarşılıqlı anlaşmaya bir o qədər tez nail olmaq mümkün olacaq”.
//Gülnarə Abasova, Editor.az

