Venesuela prezidenti Nikolas Maduro qonşu Qayananın qərb hissəsini – Essequibo-nu ölkənin 24-cü ştatı elan edib.
Editor.az “Ultimas Noticias”a istinadən xəbər verir ki, o, Venesuela Milli Assambleyasını mübahisəli əraziləri qorumaq üçün qanun qəbul etməyə çağırıb. Sözügedən region Guyana-Essequibo adlandırılıb. Nikolas Maduro ilhaq edilmiş ərazidə qaz, neft və faydalı qazıntıların istehsalı üçün lisenziya verən departamentlərin yaradılmasını təklif edib.
Bölünməmiş dənizdə fəaliyyət göstərən neft şirkətlərinə əməliyyatları başa çatdırmaq üçün üç ay vaxt verib. “Yalnız yaxşı üsullarla. Beynəlxalq hüquqa hörmətlə, qanunlara hörmətlə, mehriban qonşuluğa hörmətlə”, – Maduro deyib.
Venesuela prezidenti həmçinin parlamentə “Qayana tərəfindən bölünməmiş dənizdə birtərəfli qaydada verilmiş güzəştlərlə fəaliyyət göstərən” şirkətlərlə müqavilə bağlamaq qadağanını müzakirə etməyi tapşırıb. O əlavə edib ki, yaxın gələcəkdə Venesuelanın yeni xəritəsi “bütün məktəblərə, kolleclərə və universitetlərə” göndəriləcək.
Qeyd edək ki, dekabrın 4-də referendum keçirilib və nəticədə Venesuela vətəndaşlarının təxminən 95%-i Essequibonun ölkəyə daxil edilməsinə səs verib. Mübahisəli ərazidə zəngin neft və qaz yataqları aşkar edilib. Qayana prezidenti İrfaan Əli referendumu Venesuelanın bölgəni ilhaq etməsinin səbəbi adlandırıb.
//Samir Qurbanov, Editor.az

