“Vətəndaş nikahı əxlaqsızlıqdır” – Sosioloqdan qalmaqallı sözlərbackend

“Vətəndaş nikahı əxlaqsızlıqdır” – Sosioloqdan qalmaqallı sözlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün millət vəkili Fəzail Ağamalı Milli Məclisin plenar iclasında vətəndaş nikahından olan uşaqların sosial müavinət məsələsini gündəmə gətirib. O bildirib ki, bəzi uşaqlar rəsmi nikahdan doğulmadıqlarına görə atadan aliment almırlar. Deputat problemin aradan qaldırılması istiqamətində addımlar atılması gərəkdiyini desə də, necə həll edilməsi gərəkdiyi ilə bağlı təklif səsləndirməyib.

Məsələ ilə bağlı Ölkə.az-a danışan sosial məsələlər üzrə ekspert Elçin Bayramlı bildirib ki, rəsmi nikah olmadan doğulan uşaqlara görə onların atalarından məcburi şəkildə aliment alınmalıdır?

“Vətəndaş nikahı deyilən bir şey yoxdur. Bu, əxlaqsızlıqdır, əxlaqsızlığa qoyulan müasir addır. Belə bir şey ola bilməz. Ya qanuni nikah olur, ya da əxlaqsız münasibətlər var. Təbii ki, belə hallarda uşaqların günahı yoxdur. Uşaqlar dövlət himayəsinə götürülməlidir. Bunun üçün onlara müavinət ödənilməlidir. Bu ödəniş isə ya uşaqpulu formasında ola bilər, ya analara müavinət formasında verilə bilər. Onlara ən azı dövlətin müəyyənləşdirdiyi yaşayış minimumu həcmində təxminən 200-250 manat civarında bir müavinət ödənilməlidir. Burada da ailənin vəziyyətinə baxmaq lazımdır. Tutaq ki, ananın yaxşı biznesi, maaşı ola bilər. Təbii ki, belə hallarda buna ehtiyac olmaya bilər. Ona görə də sosial orqanlar bunu müəyyənləşdirməlidir. Yaxşı olar ki, uşaqlara müavinətlər yaşayış minumumundan daha artıq verilsin. Belə uşaqlara heç olmasa, 300-400 manat müavinət verilməlidir. Çünki bu uşaq da Azərbaycanın bir vətəndaşıdır və valideynlərin problemlərinin ona aidiyyəti yoxdur.

Belə hallarda ata aliment ödənilməyə məcbur edilməlidir. Tutaq ki, rəsmi nikah bağlanmayıb, tərəflər ayrılıb və ana pis vəziyyətdə qalıb. Onda atanın maaşının azı 50%-i uşağa veriməlidir. Belə bir cəza olsa, onda bu halların qarşısı alınacaq, insanlara nikahsız münasibətlərə yol verməyəcək”.

Sosioloq el adəti ilə toy edilməsini, amma nikah bağlanmamasını cinayət adlandırıb:

“Ailə qurursan, amma niyə nikah bağlamırsan? Məqsədin nədir? Müvafiq dövlət orqanları belə ailələri aşkar edərkən sərt cəzalandırmalıdır ki, nikahsız ailə olmasın. Sabah kim cavabdeh olacaq? Dövlətin qayda-qanunları var. Uşaqları kim böyüdəcək? Dövlət niyə sənin yükünü çəkməlidir? Ona görə deyirəm ki, nikah bağlanmadığı hallarda tərəflər aliment ödəməyə məcbur edilməlidir. Bu, qanunda yoxdursa, mütləq əlavə edilməlidir. Nikah bağlanmaması bir cinayət, uşağı müdafiəsiz qoymaq isə 2 cinayətdir.

Yerlərdə icra orqanları sosial idarələr bilirlər ki, harada ailə qurulub. Onlar tərəflərdən rəsmi nikah tələb etməlidirlər. Ümumiyyətlə, müddət qoyulmalıdır. 10 gün ərzində nikah kəsilmirsə, tərəflər sərt cəzalandırılmalıdır. Bu dövlətin tələbi, qanunudur və göz qabağında pozulursa, sonra bu fəsadlar yaradır, dövlətin sosial yükünü artırır və çox sayda hüquqi problemə səbəb olur. Belə olan halda buna yol verənlərə mütləq şəkildə ağır cəza verilməlidir. Zorakı şəkildə nikah bağlatdırılmalıdır. İstəyirsən 200 dəfə dini nikah bağla, rəsmi nikah olmalıdır. Dövlət o ailəni qeydiyyata almalıdır. Bilinməlidir ki, bu uşağın məsuliyyətini kim daşıyır, valideynləri kimdir qeyd olunmalıdır”.

E.Bayramlının sözlərinə görə, əgər kimsə uşaq dünyaya gətirirsə və rəsmi nikahı yoxdursa, uşaq valideynlərinə verilməməlidir:

“Uşaq doğum evində dünyaya gəlibsə, tələb qoyulmalıdır ki, bir gün ərzində nikah sənədini gətir. Sən kimsən, uşağın üzərində nə haqqın var? Yəni bununla bağlı həm qanunlarda dəyişiklik edilməli, həm də dövlət orqanları nikahı tələb etməidir. İndiyə qədər nikah olmayan ailələrdə də atanı aliment ödəməyə məcbur etməlidir. Dövlət bu halda o uşaqlara görə pul ödəyə bilər ki, ata hansısa səbəblərdən işləmir- əlildir xəstədir və ya ölüb. Bu hallarda dövlət həmin uşaqlara sosial müavinət verməlidir. Qalan hallarda zəhmət çəkib dünyaya gətirdiyi uşağa baxmalıdırlar. İşləmirsə də, dövlət onu işlə təmin edib maaşının 50 %-ni ondan kəsməlidir. Belə sərt yanaşma olmasa, bu problem həllini tapmayacaq. Qanunlara əməl edilib-edilməməsinə polis və digər orqanlar nəzarət etməlidir”.