Vətəndaşlarımız böyük sevinclə, həsrətlə Şuşaya, Ağdama səfər edir: Bu səfərlər Qarabağa “Böyük Qayıdış” prosesini sürətləndirirbackend

Vətəndaşlarımız böyük sevinclə, həsrətlə Şuşaya, Ağdama səfər edir: Bu səfərlər Qarabağa “Böyük Qayıdış” prosesini sürətləndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan 44 günlük müharibə nəticəsində torpaqlarını işğaldan azad etdikdən sonra həmin ərazilərdə geniş abadlıq- quruculuq işlərinə start verdi. Müharibədən dərhal sonra çox qısa vaxtda Azərbaycan ermənilər tərəfindən vandallığa məruz qalmış ərazilərimizi minalardan təmizləməyə, infrastruktur layihələri həyata keçirməyə başlayıb. Azad olunmuş Füzuli rayonu ərazisində cəmi 8 ay ərzində beynəlxalq hava limanı test uçuşlarına başladı. Zəngilan və Laçın rayonları ərazisində isə daha 2 beynəlxalq hava limanı inşa edilir.

Eyni zamanda, Qarabağa “Böyük Qayıdış” prosesinin ən vacib məqamlarından biri işğaldan azad olunmuş ərazilərə səfərlərin başlamasıdır. Postmüharibə dövrünün ilk vaxtlarında Qarabağa yerli və xarici jurnalistlərin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, tanınmış ziyalıların səfərləri baş tuturdusa artıq bu həftədən etibarən sadə insanlar da Şuşaya, Ağdama səfər edə bilirlər. Qarabağda aparılan abadlıq-quruculuq işlərinin məcburi köçkünlərdə yaşatdığı hiss isə daha fərqlidir. Onlar sevinməklə yanaşı, evlərinə qayıtmağa tələsir. Qarabağa baş tutan səfərlər, aparılan sürətli işlər, sadə vətəndaşların həsrətlə böyük sevinclə, həvəslə həmin ərazilərə səyahəti “Böyük Qayıdış”dan xəbər verir.

Milli Məclisin deputatı Anar İsgəndərov Editor.az-a açıqlamasında bildirib ki, erməni vəhşiliyini, amansızlığını, vandallığını gözlə görmək istəyənlər bu gün Qarabağa gedə bilər:

” Bir dəfə eşitməkdənsə, min dəfə görmək yaxşıdır.  Azərbaycan xalqı dünyanın unutqan xalqları sırasında olmamalıdır. Dövlət tərəfindən müharibədən dərhal sonra işğaldan azad edilən ərazilərimizdə abadlıq-quruculuq işlərinə başlamaqla yanaşı, həmin ərazilərə səfərlər də təşkil edildi. Yanvar ayının 24-dən hər kəsin Şuşaya, Ağdama sərnişin avtobusları ilə gediş təşkil olundu. Bu torpaqlar tarixi Azərbaycan torpaqlarıdır ki, Qarabağ həsrəti ilə həmin ərazilərə gedən vətəndaşlarımızın sevinci hiss olunur. Hər bir azərbaycanlı o torpaqları gözü ilə görmək istəyir, istər dağılmış, viran qoyulmuş şəkildə, istərsə də bərpa olunmuş şəkildə… Bununla düşmənə nifrət hissi tərbiyə olunur. Buna ehtiyac var, biz   erməni ilə qonşu ola bilərik, ancaq əsla qardaş ola bilmərik. Biz bir daha “Hayastan” sözünü işlədib, ermənilər də bizə dostdur, qardaşdır deyə bilmərik. Xalqımıza, mədəniyyətimizə, dinimizə, mənəviyyatımıza qarşı edilən iyrənclikləri unuda bilmərik”.

Millət vəkili bildirib ki, tanınmış ziyalılarla yanaşı, sadə insanların da Qarabağa səfərləri, onların burada gecə-gündüz davam edən abadlıq-quruculuq işlərinə şahid olmaları  onları prosesin iştirakçısına çevirəcək. Bu məsələnin tarixi, siyasi, iqtisadi, mənəvi əhəmiyyəti çox böyükdür. Gələcəkdə də bu səfərlərin davamı olaraq Qarabağa “Böyük Qayıdış”la böyük  bir tarixə imza atılacaq.

Millət vəkili Vüqar İskəndərov Editor.az-a açıqlamasında qeyd edib ki, 44 günlük Zəfərimiz təkcə ölkəmizdə yox, regionda da bir çox yeni geosiyasi reallıqlar yaratmış oldu:

” Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Ordumuz uzun illər həsrətində qaldığımız torpaqlarımızı düşmən işğalından azad etdi. Bu gün həmin ərazilərdə əhalinin dayanıqlı məskunlaşması, təhlükəsiz şəraitdə yaşayışın təmin edilməsi üçün bir çox böyük işlərə imza atılır.  Artıq Zəngilan rayonunun Ağalı kəndində ilk “ağıllı kənd”in  salınması ilə bağlı işlər sona çatmaq üzrədir. Bir sözlə İşğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərin tezliklə öz doğma yurdlarına qaytarılması üçün ərazilərin minalardan təmizlənməsi, o cümlədən infrastrukturun bərpası və yenidən qurulması üzrə sistemli işlər davam etdirilir. Azərbaycan 44 günlük Vətən müharibəsində 5-ci nəsil müharibə ilə dünyanı heyrətə gətirdi. Əsgər və zabitlərimizin qorxmazlığı, gücü və cəsarəti artıq dillər əzbəridir. Postmüharibə dövründə Azərbaycan yeni reallıqlar yaratdı. Bunlar yalnız bölgənin inkişafı üçün deyil, ölkəmizin, regionun iqtisadi inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir. Bütün bunlar Azərbaycanın yeni obrazını dünyaya nümayiş etdirir. Artıq biz yaxın zamanlarda insanlarımızın mərhələli şəkildə öz yurd-yuvalarına qayıdışının şahidi olacağıq. “Böyük Qayıdış” prosesinin ilk pilləsi Şuşa və Ağdama sadə vətəndaşların səfərlərinin təşkilidir”.

Millət vəkili qeyd edib ki, yaxın zamanlarda “Böyük  Qayıdış”a start veriləcək və bu, hər bir azərbaycanlının ən böyük arzusudur:

“Həmin ərazilərin digər şəhər və rayonlarımız kimi inkişafının təmin edilməsi, müasir Azərbaycanın gələcək çağırışlara cavab verməsi, ölkəmizin işıqlı gələcəyi, iqtisadi cəhətdən inkişafı, insanların layiqli həyat şəraitində yaşaması bu gün həm vətəndaşların həm də cənab Prezidentin ən böyük arzusudur. İnanıram ki, artıq Qarabağda infrastruktur layihələrinin həyata keçirilməsi, suveren Azərbaycanın bütün bölgələri kimi həmin ərazilərdə də sabitliyin və iqtisadi dinamikanın inkişaf etdirilməsi Azərbaycan üçün çox böyük gələcək vəd edir və biz inamla söyləyə bilərik ki, həmin gələcək çox uzaqda deyil”.

Politoloq İlyas Hüseynov isə Editor.az-a bildirib ki, Azərbaycan 44 günlük müharibə nəticəsində torpaqlarını işğaldan azad etdikdən sonra ərazidə geniş miqyaslı quruculuq-bərpa işlərinə start verib:

“Təkcə onu demək kifayətdir ki, 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi. Qarabağın və Şərqi Zəngəzurun təhlükəsizliyinin qorunması istiqamətində atılan ən önəmli addım kimi qiymətləndirilən “Şuşa bəyannamə”si imzalandı. Qarabağda 24 saat ərzində dayanmadan bərpa işləri görülür. Qarşıda duran əsas məsələ isə məcburi köçkünlərin təhlükəsiz şəraitdə yurd-yuvalarına dönüşünü təmin etməkdir. Ötən dövr ərzində Qarabağa tanınmış ziyalılar, jurnalistlər səfər etdi. Artıq sadə vətəndaşlarımız da Şuşaya, Ağdama səfər edə biləcək. Bununla da dövlət tərəfindən işğaldan azad olunmuş ərazilərimizə səfər üçün bərabər imkanlar yaradıldı. Səfər xərcləri də kifayət qədər normaldır. Bu səfərlər həm də Böyük Qayıdış prosesini sürətləndirir. Qarabağa səfərlərin təşkili vətəndaşlarımızın həmin ərazilərə marağının artmasına təsir edən mühüm amildir. Vətəndaşlar da böyük həvəslə Ağdama və Şuşaya səfər edirlər. Səfər proqramı genişdir. İnsanlar Şuşanın, həm də Ağdamın tarixi və görməli yerlərini ziyarət edirlər, böyük təəssüratlarla geri dönürlər. Bu, zəncirvari xaraketer daşıyır və hesab edirəm ki, axın-axın vətəndaşlarımız həmin bölgələrə səfər edəcək. “Böyük Qayıdış” konsepsiyasının tərkib hissəsi kimi nəzərdən keçirilən bu səfərlər Qarabağa qayıdışın başlanğıcıdır”.

//Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

İSTİQAMƏT: işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”