“Azərbaycan Dəmir Yolları” QSC və “AzerGold” QSC kimi iri dövlət qurumlarında müşahidə olunan rəhbər vəzifə bolluğu ictimai müzakirələrə səbəb olub. Hazırda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədrinin 5 müavini, 4 müşaviri fəaliyyət göstərir. “AzerGold” QSC-də isə müşavirlərin sayı 9-a çatır və struktur daxilində 20 müxtəlif şöbə mövcuddur.
İctimaiyyət arasında bu vəzifə bölgüsü və idarəetmə modelinə dair ciddi suallar yaranır. Ekspertlər hesab edirlər ki, dövlət şirkətlərində faktiki istehsal və ya texniki funksiyalardan çox, rəhbər vəzifələrin, eləcə də yüksək maaşlı postların sayının artması idarəetmədə balansı poza bilər. Xüsusilə də bu vəzifələrə təyinatların şəffaflıqdan uzaq, şəxsi münasibətlər və tanışlıq zəmnində həyata keçirilməsi barədə iddialar narahatlıq doğurur.
Editor.az-a danışan REAL Partiyasının sədri Natiq Cəfərli bildirib ki, Azərbaycanda dövlət sektoru həddindən artıq şişirdilib və bu vəziyyət iqtisadi səmərəliliyə mənfi təsir göstərir:

“Hazırda dövlət sektorunda çalışan insanların sayı təxminən 900 min nəfərə yaxındır. Bu rəqəm özəl sektorda çalışanlarla demək olar ki, eynidir. Dünyada çox az ölkə var ki, dövlət və özəl sektorda işləyənlərin sayı bərabər olsun – bu, nadir hallarda rast gəlinən bir vəziyyətdir. Təəssüf ki, həmin hal Azərbaycanda da mövcuddur. Bu da dövlət idarəçiliyinin optimallaşdırılması və büdcə xərclərinin azaldılması zərurətini ortaya qoyur. Ona görə də tək-tək qurumların deyil, bütövlükdə sistemin problemləri aradan qaldırılmalıdır”.
AĞ Partiya başqanı Tural Abbaslı da məsələ ilə bağlı fikirlərini bölüşərək bildirib ki, Azərbaycanda bəzi nazirlik və komitələrin fəaliyyəti şəxslərə bağlanıb və bu, ciddi idarəçilik problemi yaradır:

“Azərbaycanda vəzifələrə təyinat, əsasən konkret şəxslərlə əlaqələndirilir. Bir çox hallarda hansısa nazir və ya sədr işdən çıxarıldıqda, həmin strukturun da ləğv edildiyinin şahidi oluruq. Halbuki bu, şəxsi təşəbbüslərlə həll ediləcək məsələ deyil. Burada dəqiq araşdırma, ehtiyac və funksional zərurət əsas götürülməlidir. Məsələn, konkret bir qurumun effektiv fəaliyyəti üçün neçə müavin, şöbə və müşavirin lazım olduğunu müəyyənləşdirmək vacibdir. Eyni zamanda, bu strukturların hansı funksiyaları yerinə yetirəcəyi və nə qədər əməkhaqqı alacaqları da dəqiq şəkildə müəyyən olunmalıdır. Çünki bütün bu amillər son nəticədə dövlət idarəçiliyinin səmərəliliyinə birbaşa təsir edir”.
Tural Abbaslı əlavə edib ki, bu məsələlər şəxslərin nüfuzuna və şəxsi münasibətlərə deyil, protokollara və beynəlxalq təcrübəyə əsaslanmalıdır:
“ABŞ-da Elon Maskın rəhbərlik etdiyi Səmərəlilik Nazirliyi kimi bir qurum fəaliyyət göstərir. Bizdə də bu tip institusional yanaşmalara ehtiyac var. Bu, o demək deyil ki, kütləvi şəkildə iş yerləri bağlanmalı və insanlar işdən çıxarılmalıdır. Amma bəzi strukturlarda islahatlar, funksional korreksiyalar qaçılmazdır. Məsələn, bir qurumda 9 müşavir olması anlaşılmazdır. Belə təyinatlar xahiş və minnətlə deyil, ehtiyac və effektivlik əsasında həyata keçirilməlidir.”
//Gülnarə Abasova, Editor.az

