“Son günlər ABŞ hərbi yük təyyarələrinin Ermənistana yük və personal daşıması haqqında məlumatlar intensivləşməkdədir. Regiondakı dövlətlər və regiona yaxın yerləşən ölkələri bir sual maraqlandırır: Amerika Ermənistanı silahlandırmaqla nə istəyir?”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.
Onun sözlərinə görə, Vaşinqton Ermənistana silah və hərbi personal göndərməklə onu Rusiya sərhədçilərini “Zvartnots” hava limanından çıxardığına görə mükafatlandırır və eyni zamanda, gələcəkdə bu tipli addımlara şirnikləndirir:
“Yəni, Rusiyaya qarşı Ermənistanın atdığı hər addımın mükafatı veriləcək. Digər tərəfdən, məlum olduğu kimi, Ermənistan uzun müddət Rusiyanın forpostu funksiyasını yerinə yetirib. Belə ki, region ölkələri Rusiya tərəfindən Ermənistandan idarə olunurdu. İndi isə vəziyyət dəyişib və Gürcüstana Qərb və Amerikanın bəslədiyi ümidlər boşa çıxıb. Rusiyanın İrəvana nəzarətinin zəifləməsi qeyd olunan qüvvələrdə yeni həmlə etmək cəsarəti yaradıb. Amerika Rusiyanın buraxdığı boşluğu doldurmaq və Cənubi Qafqazda dayaq nöqtəsi kimi Ermənistanı seçmək istəyir. Ermənistan isə onların bütün tələblərini qarşılayır. Rusiya-Ukrayna cəbhəsində vəziyyətin Rusiyanın əleyhinə dəyişməsi sürətləndikcə Qərb və Amerikanınn Ermənistanda mövcudluğunun gücləndiyinin şahidi olacağıq”.
//Gülnarə Abasova, Editor.az