Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov döyüş sursatı çatışmazlığı səbəbindən cəbhədəki vəziyyəti “pis” adlandırıb.
Onun sözlərinə görə, müttəfiqlər tərəfindən göstərilən yardımın həcmi kifayət deyil. “Vəziyyət pisdir, amma kritik deyil. Həqiqətən də kifayət qədər mərmi yoxdur… Tərəfdaşlarımızın bizə təqdim etdiyi həcmlər ehtiyaclarımızı, eləcə də sənayemizi ödəmək üçün kifayət etmir”.
Editor.az bildirir ki, Budanov bu barədə Fransanın “Libration” nəşrinə deyib. Baş Kəşfiyyat İdarəsinin rəisi əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrində artilleriya sistemləri və onlar üçün mərmilər, eləcə də uzaq məsafələrdə əks-batareya döyüşü üçün mərmilər və uzaq məsafələrə raket zərbələri endirmək üçün sistemlər yoxdur.
O, Ukraynaya ABŞ-dan gələcək yardımla bağlı nikbin olduğunu açıqlayıb.
“The Wall Street Journal” fevralın 7-də yazıb ki, Ukrayna Silahlı Qüvvələrində ciddi silah çatışmazlığı var. Qəzetin həmsöhbətinin sözlərinə görə, Ukraynanın atdığı hər mərmiyə on rus mərmi düşür.
//Samir Qurbanov, Editor.az

