Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının fevralın 1-də keçirilən sammitində tələblərinin yerinə yetirilməsinə nail olduğunu və Macarıstanın pulunun Ukraynaya yardım ayırmaq üçün istifadə olunmayacağını bildirib.
Editor.az bu barədə X-a istinadən məlumat verir. “Missiya yerinə yetirildi. Macarıstanın vəsaitləri Ukraynaya getməyəcək. Lakin Ukraynadakı müharibə ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır: atəşkəs və sülh danışıqlarına ehtiyac var”, – siyasətçi vurğulayıb.
O, həmçinin xatırladıb ki, dekabrda keçirilən Aİ sammiti “iki Macarıstan problemi”nə həll yolu tapa bilməyib və buna görə də Ukraynaya kömək etməyə razı olmayıb.
“Biz Avropa İttifaqı fondlarından macarlar üçün nəzərdə tutulan və Avropa Komissiyası tərəfindən bloklanan vəsaitlərin gec-tez Ukraynaya çatacağından qorxurduq”, – Orban əlavə edib. Qərar lazımi nəzarəti və Macarıstan vəsaitlərinin Ukraynaya getməyəcəyinə zəmanəti nəzərdə tutur.
//Samir Qurbanov, Editor.az

