ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland yaxın həftələrdə istefa vermək niyyətindədir.
Editor.az bildirir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib. Xanım Nuland istefa qərarını özü verib. “Viktoriya Nuland mənə yaxın həftələrdə dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsini tərk etmək niyyətində olduğunu bildirdi.
Bu rolda ABŞ prezidenti Co Baydenin diplomatiyanı xarici siyasətimizin mərkəzinə qaytarmaq və Amerikanın qlobal siyasətini canlandırmaq öhdəliyini təcəssüm etdirir”, – mesajda deyilir. Xanım Nulandın qərarının səbəbləri açıqlanmayıb. Entoni Blinken verdiyi açıqlamada xidmətinə görə Viktoriya Nulanda təşəkkür edib. Onun istefasından sonra dövlət katibinin müavini vəzifəsi Con Bassa həvalə olunacaq. Rusiya Xarici İşlər Nazirliyi Viktoriya Nulandın istefasını “ABŞ prezidenti Co Bayden administrasiyasının anti-Rusiya kursunun uğursuzluğu ilə” əlaqələndirib.
Xatırladaq ki, Viktoriya Nuland 2011-ci ilin mayından 2013-cü ilin aprelinə qədər Dövlət Departamentinin sözçüsü vəzifəsində çalışıb.
//Samir Qurbanov, Editor.az

