İranda dini liderə yaxın fiqurlardan biri olan Əli Əkbər Vilayəti regiondakı gərginlik fonunda diqqətçəkən açıqlama ilə çıxış edib.
Musavat.com xəbər verir ki, o, Tehrana yaxın “Müqavimət oxu”nun artıq Babül-Məndəb boğazı istiqamətində də hərəkət edə biləcəyini bildirib.
Vilayətinin sözlərinə görə, bu boğaza yanaşma Hörmüz boğazı ilə eyni model üzrə qurula bilər. Bu isə faktiki olaraq regionda ikinci strateji dəniz keçidinin də təzyiq alətinə çevrilməsi ehtimalını gündəmə gətirir.
Mütəxəssislər xəbərdarlıq edir ki, əgər hər iki boğaz eyni vaxtda bağlanarsa, qlobal enerji bazarında ciddi böhran yarana bilər. Belə bir ssenari dünya üzrə neft və qaz təchizatının təxminən dörddə birinə qədər hissəsinin pozulmasına səbəb ola bilər.
Qeyd olunur ki, Babül-Məndəb yalnız enerji daşımaları üçün deyil, ümumilikdə beynəlxalq ticarət üçün də həyati əhəmiyyət daşıyır. Bu marşrut Süveyş kanalı üzərindən Asiya ilə Avropa arasında əsas yük axınını təmin edir və dünya ticarətinin təxminən 10 faizi bu xəttdən keçir.

