Bu gün axşam saatlarında Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı baş tutub.
Editor.az bildirir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib.
Rusiya prezidenti bu gün Soçidədir. O, Trampla söhbətini “Sirius” təhsil mərkəzindən, daha dəqiq desək, musiqi məktəbinin yeni binasından aparır.
Bundan əvvəl Amerika KİV-ləri dövlət başçıları arasında söhbətin Bakı vaxtı ilə təxminən saat 18:40-da başladığını yazıb. Xatırladaq ki, bu, Putinlə Tramp arasında 2025-ci ildə üçüncü telefon danışığıdır. Dövlət başçıları martın 18-də və fevralın 12-də də telefonla danışıblar.
Bu gün səhər saatlarında Dmitri Peskov da Putinlə Trampın mümkün görüşünə münasibət bildirib. Onun sözlərinə görə, onun həyata keçirilməsi dövlət başçılarının qəbul edəcəyi qərarlardan asılıdır. Kremlin sözçüsü əlavə edib ki, Rusiya və Amerika liderlərinin komandaları özlərinin təyin etdikləri müddətlərə uyğunlaşacaqlar.
Bundan əlavə, Peskov bəyan edib ki, dövlət başçılarının görüşü məhsuldar olmalıdır və bunun üçün yaxşı hazırlanmalıdır. Ağ Evin mətbuat katibi Caroline Levitt deyib ki, Tramp rusiyalı həmkarı ilə görüşə açıqdır, lakin onları prezidentlərin bu gün telefon danışığına qədər gözləməyə çağırıb.
//Samir Qurbanov, Editor.az